Yaxın Şərqdə vəziyyət dəyişə bilər - İngiltərə bu ölkələrə xəbərdarlıq etdi

Böyük Britaniya Krallığının tərkibinə daxil olan İngiltərə, Avstraliya və Kanada Fələstinin müstəqilliyini tanıdıqlarını açıqlayıblar. Bu qərar beynəlxalq siyasətdə Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir.
Bu ölkələr Fələstinin müstəqilliyinə tanımaqda niyə israr etdilər? Fələstinin müstəqilliyini tanımaqla nə dəyişəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki İsrailin Fələstin torpaqlarında mövcud olmasının səbəbkarı ingilislərdir:
“O baxımdan, İsrailin indiki hədsiz davranışları Yaxın Şərqdə böyük bir yanğına səbəb olma ehtimalı, bununda qlobal səviyyədə böyük bir müharibəyə, hətta 3-cü dünya müharibəsinə çevrilmə təhlükəsinə qarşı bu, instinkt reaksiyadır. Çünki fikir verirsinizsə İsrail dövləti və onun başında duran Netanyahu ABŞ-dən başqa heç kimlə hesablaşmaq istəmir. Bu 3 ölkənin, anqlosaksların Fələstini tanıması dolayısı ilə digər anqlosaks ingilis dilli olan ABŞ ilə fikirlərinin üst-üstə düşmədiyini bariz şəkildə ortaya qoyur. Çünki bu yöndə hər hansı bir anlaşma, ortaq fikir olmuş olsa idi, ABŞ Prezidenti Donald Trampın İngiltərə səfərindən dərhal sonra Fələstini tanıma mövqeyi ortalığa qoyulmazdı. Bu açıq şəkildə göstərir ki, ABŞ ilə digər ingilisdilli dövlətlər arasında ciddi fikir ayrılığı var və Donald Trampla bu yöndə heç bir razılıq əldə olunmayıb. Ona görə də, bu ilk növbədə İsrailə və ABŞ-yə bir xəbərdarlıq kimi görünməlidir. Çünki bu məsuliyyət zamanında İsraili süni şəkildə ortalığa çıxaran ingilislərə aiddir”.
Politoloq ingilislərin, xüsusilə də, Böyük Britaniyanın prosesdən kənarda qalıb, sadəcə müşahidəçi statusunda çıxış etməsinin İngiltərənin, bütünlükdə anqlosaksların qlobal səviyyədə mövqeyinə ciddi zərbə vura biləcəyini qeyd edib:
“Qarşı tərəfdə Fələstini müdafiə edən böyük çoxluq var. Bunların önündə də qardaş ölkə Türkiyə gedir. O baxımdan ingilislərin bu yöndə başqa yolunun olmadığını demək olar. Eyni zamanda bu, həm də İsrail baş nazirinə "doğru yola qayıt" mesajıdır”.

N.Miri düşünür ki, İsrail dövləti bu tanımanı doğru və dürüst dəyərləndirməlidir:
“Çünki tarix belə hadisələri unutmur. Bu gün Yaxın Şərqdə, Fələstində bir xalqın, bir toplumun məhv edilməsi hadisəsi baş verir. Bir tərəfdə öldürücü silahlarla məhv edirlər, digər tərəfdə insanları aclıqla öldürürlər. Tarix belə hadisələri qeydə alır və unutmur. Belə bir vəziyyətdə əlbəttə ki, ingilislərin kənarda qalması da tarixə düşəcək hadisə olacaq. Çünki İsraili kim yaratdı sualı veriləndə, bütün barmaqlar ingilisləri göstərir”.
Müsahibimiz əlavə edib ki, bu addım tarixi məcburiyyətdən doğub:
“İngilislərin geosiyasi maraqlarını nəzərə almaq lazımdır. Çünki bu yanaşma olmadığı təqdirdə, Böyük Britaniya daxil, digər anqlosakslar Yaxın Şərqdə, o cümlədən Fələstini müdafiə edən "özünə müttəfiq saydığı" dövlətləri də itirə bilər. O cümlədən qardaş Türkiyə və ərəb ölkələri bura daxildir. Son hadisələr də, ABŞ-nin etimadına çox ciddi bir zərbə vurub. Baxmayaraq ki, Donald Tramp ərəb ölkələrinə səfərində 1 trilyondan artıq investisiya ilə bağlı müqavilə bağlamış və yüz milyardlarla silah satışı ilə bağlı saziş imzalamışdı. Bu, ABŞ ilə müttəfiqliyə sadiqliyin nümayişi idi. Ancaq Fələstində baş verən, Qəzzada baş verən hadisələr, İsrailin hədsizliyi, hələ də Suriyanı parçalamaq cəhdi və nəhayət müstəqil dövlət olan Qətərin ərazisinə hücum etmək, etimad məsələsinə qoyulan son nöqtə oldu. Bundan sonra artıq ərəblərin hərbi koalisiyası ittifaqından söhbət getdi. Bütün Ərəb ölkələri və o cümlədən Qətər təhlükəsizlik nöqteyi nəzərdən alternativlər axtarırlar. Belə bir vəziyyətdə Böyük Britaniya və digər ingilis dilli dövlətlər ona görə də, ABŞ-dən fərqli bir mövqe ortalığa qoymalı idilər”.
Niyaz Hacıyev
Sfera.az






