NATO gələn həftə Rusiyaya görə toplaşacaq

NATO ölkələri gələn həftənin əvvəlində Estoniyada baş verən insident barədə müzakirələr aparacaq.
Sfera.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi bildirib.
Nümayəndənin sözlərinə görə, məsləhətləşmələr Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində keçiriləcək, lakin konkret tarix açıqlanmayıb.
Xatırladaq ki, Estoniya Baş naziri Kristen Mihhal ölkəsinin hava məkanının pozulduğu iddiası ilə bağlı Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən NATO üzvlərindən məsləhətləşmə tələb etdiklərini açıqlayıb. Estoniyanın iddiasına görə, sentyabrın 19-u səhər saatlarında üç rus hərbi təyyarəsi MiQ-31 ölkənin hava məkanına daxil olub.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, MiQ-31 təyyarələri Estoniyanın hava məkanını pozmayıb. Nazirlikdən qeyd edilib ki, üç rus təyyarəsi planlaşdırılmış uçuşla Kareliya bölgəsindən Kalininqrad vilayətinə gedib və bu uçuş beynəlxalq hava məkanından istifadə qaydalarına uyğun həyata keçirilib. Nazirlik vurğulayıb ki, uçuş zamanı təyyarələr razılaşdırılmış marşrutdan çıxmayıb və Estoniya hava məkanına daxil olmayıb.
Niyaz Hacıyev
Sfera.az






