Rusiyaya yeni sanksiyalar tətbiq edilməyəcək: "Verilən vədlər real deyil"

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sərt sanksiyaların yalnız NATO müttəfiqləri ilə birlikdə qəbul edilə biləcəyini açıqlayıb. O bildirib ki, Vaşinqton təkbaşına bu addımı atmaq imkanında deyil.
Politoloq Rəşad Bayramovun Sfera.az-a verdiyi açıqlamaya görə, Trampın sanksiyalardan danışarkən nəzərdə tutduğu yalnız Rusiyaya qarşı birbaşa məhdudiyyətlər deyil.
O, eyni zamanda Rusiyanın neft və neft məhsullarını alan ölkələrə , xüsusən də Çin, Hindistan və Braziliyaya qarşı da yüksək tariflərin tətbiqini gündəmə gətirir:
“Tramp çalışır ki, Çinə və Hindistana qarşı tariflər məsələsini NATO və Avropa İttifaqı ilə birlikdə həyata keçirsin. Amma buradakı əsas problem ondadır ki, hələ də Rusiya qazına və enerji məhsullarına möhtac olan NATO və Avropa İttifaqı ölkələri var. Ona görə də yekdil qərarın qəbul olunması mümkün deyil”.

Bayramovun sözlərinə görə, Çin və Hindistana qarşı tariflərin tətbiqi də faktiki olaraq mümkünsüzdür, çünki Avropa İttifaqı üçün Çin əsas ticarət tərəfdaşıdır:
“Əgər Avropa İttifaqı belə bir addım atarsa, Çin və Hindistan da adekvat cavab verəcək. Bu isə Avropa İttıfaqının iqtisadiyyatına mənfi təsir göstərəcək. Belə olan halda Trampın təklif etdiyi sanksiyaların qəbul ediləcəyi real görünmür”.
Politoloq qeyd edib ki, Tramp məsuliyyəti üzərindən ataraq NATO və Avropa İttifaqı ölkələrinin çiyinlərinə qoymağa çalışır:
“ABŞ-nin hazırda Rusiyaya qarşı konkret addım atmaq niyyəti yoxdur. Tramp sadəcə Ukrayna böhranının yükünü Avropa İttifaqının üzərinə qoymaq istəyir. Onun davranışları göstərir ki, ABŞ bu mərhələdə Rusiyayla birbaşa qarşıdurmada maraqlı deyil. Sanksiya qərarlarının davamlı şəkildə təxirə salınması isə Rusiyaya yeni əraziləri işğal etmək üçün imkan yaradır və cəzasızlıq hissi formalaşdırır. İndiki mərhələdə danışıqlar prosesi faktiki olaraq fiaskoya uğrayıb və Vaşinqton məsuliyyəti başqalarının üzərinə ataraq prosesdən çəkilməyə çalışır”.
Bəsti Rəfizadə
Sfera.az






