Şimali Koreyada xarici film izləyənlər edam ediləcək

Şimali Koreyada xarici film və serial izləmək artıq ölüm cəzası ilə nəticələnə bilər.
Sfera.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı yeni insan haqları hesabatında bildirilir ki, ölkədə xarici televiziya proqramlarını izləyən və ya yayan vətəndaşlara qarşı edam cəzası tətbiq olunmağa başlanılıb.
Hesabat 300-dən çox şahidin ifadəsinə əsaslanır.
Məlumata görə, xüsusilə populyar Cənubi Koreya seriallarının izlənilməsi “ciddi cinayət” hesab edilir. BMT-nin 14 səhifəlik sənədində qeyd olunub ki, 2014-cü ildən etibarən texnologiyanın da köməyi ilə ölkə daxilində nəzarət sistemi gücləndirilib, 2015-ci ildən qüvvəyə minən yeni qanunlarla cəzalar daha da sərtləşdirilib.
BMT Şimali Koreya İnsan Haqları Ofisinin rəhbəri Ceyms Hinan Cenevrədə keçirilən mətbuat konfransında açıqlama verərək, COVID-19 pandemiyasından sonra siyasi cinayətlər də daxil olmaqla edamların sayının artdığını bildirib.
Hesabatda qeyd edilir ki, vətəndaşlar həyatın bütün sahələrində artan nəzarət və təqib altında yaşayır.
Bəsti Rəfizadə
Sfera.az






