Tramp Rusiyanın Polşaya hücumu haqqında: “Səhv ola bilər”

ABŞ Prezidenti Donald Tramp Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşanın sərhədini pozaraq yaşayış evlərinə ziyan vurmasına münasibət bildirib. Tramp hadisəni “səhv ola bilər” sözləri ilə şərh edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Polşa rəhbərliyi isə bunun təsadüf olmadığını vurğulayıb.
Baş nazir Donald Task sosial şəbəkədəki paylaşımında bildirib:
“Biz də Polşaya yönəlmiş PUA hücumunun səhv olmasını istərdik. Amma deyildi. Və biz bunu bilirik”.
Hadisədən sonra Polşa ordusu NATO müttəfiqlərinin döyüş təyyarələrinin dəstəyi ilə hava məkanına daxil olan dronları məhv edib. Bu, Rusiyanın Ukraynada apardığı müharibə dövründə Qərb ittifaqının ilk birbaşa hərbi qarşıdurması kimi qeydə alınıb.
Müdafiə nazirinin müavini Çezari Tomçik Trampın sözlərinə cavab olaraq bildirib:
“Bu mesaj prezident Trampa çatmalıdır. Burada səhv ehtimalı yoxdur. Bu, qəsdən edilmiş Rusiya hücumudur”.
Xarici işlər naziri Radoslav Sikorski isə Kiyevdəki səfəri zamanı açıqlama verərək qeyd edib ki, həmin gecə Rusiyanın 19 dronu Polşaya, 400 dronu və 40 raketi isə Ukraynaya yönəldilib:
“Bunlar səhv deyildi”.
Kreml hadisəni əhəmiyyətsiz hesab edib. Prezidentin mətbuat katibi Dmitri Peskov deyib:
“ABŞ və Avropanın belə iddiaları tez-tez olur. Bu, vacib deyil”.
Məlumata görə, dronların hamısı vurulub, lakin bəziləri yaşayış binalarına düşərək böyük dağıntılar yaradıb. Hadisədən sonra Avropa İttifaqı şimal-şərq üzv ölkələrində “PUA divarı”nın yaradılması ilə bağlı qərar verib.
Tramp isə daha sonra mövqeyini yumşaldaraq, Rusiyanın onu “məyus etdiyini” və hücumların “səhv nəticəsi ola biləcəyini” bildirib.
Bəsti Rəfizadə
Sfera.az






