90 yaşlı kişi gözlənilmədən morqda dirilib

Braziliyada rəsmi olaraq öldüyü elan edilən 90 yaşlı kişi bir neçə saat morqda qaldıqdan sonra gözlənilmədən dirilib ailəsini və həkimləri şoka salıb.
Sfera.az bildirir ki, hər şey Braziliyanın Palmeira dos İndios qəsəbəsində baş verib.
Xəstə sentyabrın 1-də müalicə üçün xəstəxanaya aparılsa da, səhəri gün ürəyi və nəfəsi dayanıb.
Bir sıra uğursuz reanimasiya cəhdlərindən sonra yaşlı kişi təcili yardım otağında huşsuz qalıb.
Lakin xəstə meyitxanaya aparıldıqdan sonra məlum olub ki, “meyit”də həyat əlamətləri var.
Yaxınları səhər saat 6 radələrində kişi ilə vidalaşmaq üçün xəstəxanaya gəlsələr də, ailə üzvlərindən biri “cəsədin” hələ də nəfəs aldığını görüb.
Daha sonra müayinə aparılıb və nəticədə öldüyü güman edilən xəstənin həqiqətən də nəfəs aldığı və nəbzi olduğu təsdiqlənib.
Morqdan evə buraxıldıqdan sonra yenidən təcili xəstəxanaya yerləşdirilən kişi orada huşsuz vəziyyətdə qalıb və bir neçə saatdan sonra dünyasını dəyişib.
Xəstəxana rəhbərliyi xəstəyə qulluq zamanı texniki, tibbi və ya tibb bacısı xətalarının olmadığını və bütün protokollara əməl edildiyini izah edib.
Qeyd edək ki, tibbdə belə hallar üçün xüsusi termin var - Lazar effekti və ya "autoresanimasiya", ürək-ağciyər reanimasiyası dayandırıldıqdan sonra qan dövranının kortəbii bərpası deməkdir. Bu fenomeni yaşayan xəstələrin əksəriyyəti qan axınının qısa müddətli bərpasından sonra uzun müddət sağ qalmır.
AYNİL






