Bu sosial şəbəkə qorxunc alqoritm maşınıdır - Fransalı deputat

Fransada Sosialist Partiyasının (PS) deputatı Artur Delaport Çin mərkəzli sosial media platforması “TikTok”a qarşı rəsmi şikayət verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, platformanın istifadəçilərin, xüsusən də azyaşlıların sağlamlığını və həyatını təhlükəyə atdığını bildirib.
Delaport “TikTok”un uşaqlar üzərindəki psixoloji təsirlərini araşdıran Parlament Komissiyasına rəhbərlik edir. Deputat ABŞ mərkəzli “X” sosial şəbəkəsindəki paylaşımında “TikTok”un neytral platforma olmadığını vurğulayıb:
“Bu, diqqəti cəlb etmək, istifadəçiləri problemli və az nəzarət olunan məzmunların qapalı dövrəsinə salmaq və bunu pula çevirmək üçün yaradılmış qorxunc bir alqoritm maşınıdır”, – deyə o qeyd edib.
Deputatın sözlərinə görə, “TikTok” təhlükələri bildiyi halda sistemini tətbiq etməkdə davam edir.
O, 18 yaşdan kiçiklər üçün canlı yayımların və fərdiləşdirilmiş alqoritmlərin qadağan olunmasını, həmçinin platformanın istifadəçilərin psixi sağlamlığına vurulan zərərə görə məsuliyyət daşımasını təklif edib.
Delaport dövlət televiziyası “Franceinfo”ya müsahibəsində “TikTok”un istifadəçilərin həyatını təhlükəyə atdığını əsas gətirərək ona qarşı şikayət verdiyini açıqlayıb. Parlament Komissiyasının ictimaiyyətə təqdim etdiyi hesabatda isə 15 yaşdan kiçiklər üçün sosial media platformalarının tamamilə qadağan olunması, 15–18 yaş arası gənclərin isə gecə saat 22:00-dan səhər 08:00-a qədər bu şəbəkələrə girişinin məhdudlaşdırılması təklif olunub.
Bəsti Rəfizadə
Sfera.az





