Lukaşenko ABŞ prezidentinin nümayəndəsi ilə görüşdü

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüş keçirib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.
"Sizi Belarusda salamlayıram. Belarusu ziyarət etmək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik", - Belarus dövlət başçısı görüşün əvvəlində deyib.
O, bir sıra məsələləri, o cümlədən kompleks şəkildə Belarus-ABŞ münasibətlərini müzakirə etməyi təklif edib:
"Mən həmçinin ABŞ və Belarusun maraqları kontekstində dünyadakı vəziyyətə toxunmağı təklif edirəm. İstəsək də müharibə və sülh məsələlərindən heç yerə qaça bilməyəcəyik".
Lukaşenko iqtisadiyyat sahəsini də ən vacib məsələ adlandırıb:
"Düşünürəm ki, iqtisadiyyat sahəsində Belarusa və Belarus vasitəsilə Rusiyaya maraqlarınız var. Təbii ki, iqtisadiyyat baxımından qlobal ölkənizə böyük marağımız var".





