Böyük terror aktından 24 il ötür

Bu gün ABŞ-də törədilmiş dəhşətli terror aktlarının ildönümüdür.
Sfera.az xəbər verir ki, 2001-ci ilin 11 sentyabrında ABŞ tarixinin ən qanlı terror aktı baş verib.
“Əkiz qüllələr” kimi tanınan Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi terrorçuların hücumuna məruz qalıb.
Səhər saatlarında sərnişin təyyarələri terrorçular tərəfindən qaçırılaraq qüllələrin üzərinə yönləndirilib. Qısa müddət ərzində hər iki qüllə dağılıb.
Hücum nəticəsində təxminən 3 min nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb. Terror aktı yalnız ABŞ-ni deyil, bütün dünyanı silkələyib. Hadisədən sonra Vaşinqtonda da Pentaqon binasına hücum həyata keçirilib. ABŞ hökuməti bu hücumların “Əl-Qaidə” terror təşkilatı tərəfindən təşkil olunduğunu açıqlayıb.
11 sentyabr hadisələri beynəlxalq təhlükəsizlik siyasətində dönüş nöqtəsi olub. ABŞ bu hücumdan sonra “terrorla mübarizə” strategiyasını gücləndirib, Əfqanıstan və İraqda hərbi əməliyyatlara start verib. Bu gün də 11 sentyabr faciəsi ABŞ-də və bütün dünyada terror qurbanlarının anım günü kimi yad edilir.
Bəsti Rəfizadə
Sfera.az





