Fransada xalq ayağa qalxdı: “Hər şeyi dayandıraq”

Fransada xalq ayağa qalxdı: "Hər şeyi dayandıraq"
Kateqoriya məlum deyil
T

Fransada Baş nazir Fransua Bayrou hökumətinin istefasından sonra ölkə yeni siyasi böhranla üz-üzə qalıb. Prezident Emmanuel Makronun yaxın müttəfiqi, keçmiş müdafiə naziri Sebastien Lekornunun baş nazir təyin olunması isə vəziyyəti daha da gərginləşdirib. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarından etibarən Fransanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları başlayıb.

 

“Hər şeyi dayandıraq” adlı solçu kollektivin təşkil etdiyi aksiyalar zamanı polis və nümayişçilər arasında toqquşmalar qeydə alınıb. 


Daxili işlər naziri Bruno Retailleaunun açıqlamasına görə, indiyədək 200 nəfər saxlanılıb. Etiraz aksiyaları əsasən paytaxt Paris və böyük şəhərlərdə keçirilib. Paytaxtda bir sıra liseylərin qarşısında barrikadalar qurulub, “Gare du Nord” vağzalına icazəsiz daxil olmağa cəhd edən nümayişçilərin qarşısı polis tərəfindən alınıb. 
Lyon şəhərində etirazçılar avtomobil yolunu bağlayaraq zibil qutularını yandırıblar, Nantes şəhərində isə polis gözyaşardıcı qazdan istifadə edib. “France24”ün məlumatına görə, Parisin Tenon Xəstəxanasının bəzi əməkdaşları da büdcə ixtisarları və ağır iş şəraitinə etiraz olaraq tətilə çıxıblar. 


Etirazçıların əsas narazılığı keçmiş Baş nazir Bayrounun təqdim etdiyi 2026-cı il büdcə layihəsidir. Layihədə iki milli bayramın ləğvi, pensiyaların dondurulması və səhiyyə xərclərinin 5 milyard avro azaldılması nəzərdə tutulur. Bu qərar ölkədə geniş narazılığa səbəb olub və yeni etiraz hərəkatının yaranmasına gətirib çıxarıb. 
Ekspertlər yeni aksiyaları 2018–2019-cu illərdəki “Sarı jiletlilər” etirazları ilə müqayisə edirlər. 


Hazırda Fransada nəqliyyat, təhsil və bir sıra xidmətlərdə ciddi fasilələr müşahidə olunur. Dövlət dəmir yolu operatoru SNCF regional qatar reyslərində gecikmələrin olacağını açıqlayıb. Makronun yeni baş nazir olaraq təyin etdiyi Sebastien Lekornu isə vəzifəsinə kütləvi etiraz dalğası fonunda başlayır. Analitiklərə görə, bu, onun üçün ciddi sınaq olacaq.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR