İsrail Qəzzada hədəfinə çata bilmir: "Bunun bir neçə səbəbi var"

Artıq uzun müddətdir ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlar aparır. Rəsmi Tel-Əvivin əsas məqsədi HƏMAS-ı zəiflətmək və bölgəyə tam nəzarəti ələ keçirməkdir. Lakin bütün texnoloji və hərbi üstünlüklərə baxmayaraq, İsrail hələ də bu hədəfinə nail ola bilməyib.
Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirdi ki, əməliyyatların hələ də tam nəticə verməməsinin bir neçə əsas səbəbi var:
“Əvvəla, Həmas uzun illər ərzində Qəzzada dərin və geniş tunel şəbəkəsi formalaşdırıb. Bu tunellər həm döyüşçülərin gizli hərəkətinə, həm də silah və sursatın daşınmasına şərait yaradır. Digər tərəfdən, HƏMAS yalnız hərbi təşkilat deyil, həm də sosial xidmətlər göstərən bir qurum kimi fəaliyyət göstərir. Bu amil ona yerli əhali arasında ciddi dəstək qazandırır”.
Politoloq bildirib ki, HƏMAS-ın davamlı müqavimət göstərməsinin əsas səbəblərindən biri də xarici dəstəkdir:
“İllərdir müxtəlif regional aktorlar, xüsusilə İran və bəzi digər qruplar HƏMAS-a maliyyə, silah və texnoloji dəstək verirlər. Bu, təşkilatın döyüş qabiliyyətini gücləndirir. İsrail ordusu üstün texnologiyalara sahib olsa da, Qəzzada hərbi əməliyyatlar çox vaxt mülki itkilərlə müşayiət olunur. Bu isə beynəlxalq təzyiqlərin artmasına və İsrailin strateji manevr imkanlarının daralmasına səbəb olur”.
Züriyə Qarayeva qeyd edib ki, HƏMAS təkcə silahlı qüvvələrə deyil, həm də sosial və ideoloji dayaqlara malikdir:
“Nəticə etibarilə, İsrailin qısa müddətdə tam qələbə əldə etməsi real görünmür. Münaqişə göstərir ki, Həmas üzərində yalnız hərbi üsullarla qələbə qazanmaq mümkün deyil. Sosial, ideoloji və regional dəstək amilləri bu mübarizəni daha da mürəkkəbləşdirir”.
Bəsti Rəfizadə
Sfera.az






