Çin və Hindistan Qərbin hədəfində - Rusiyaya görə vəziyyət gərginləşir

Çin və Hindistan Qərbin hədəfində - Rusiyaya görə vəziyyət gərginləşir
Kateqoriya məlum deyil
T

ABŞ Rusiyadan neft və qaz alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir. Bu məsələdə Avropa ölkələrinin əksəriyyətinin, eləcə də ABŞ-nin digər müttəfiqlərinin Amerikaya dəstək verəcəyi gözlənilir. Sanksiyaların əsas hədəfinin Hindistan və Çin olacağı bildirilir.

 

Əgər yeni sanksiyalar tətbiq olunarsa, bu, Rusiyanı dayandıracaqmı?


Politoloq Sultan Zahidov məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, ötən həftə Parisdə keçirilən “İstəklər koalisiyası” samitindən sonra ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə telefon danışığında Rusiyadan enerji resursları alan ölkələrə sanksiya tətbiq edilməsinin vacibliyini vurğulayıb:

 

“Bu, məntiqli addımdır. Çünki Rusiyanın iqtisadi gücünü qoruyan əsas amillərdən biri enerji resurslarının satışıdır. Avropa bazarları bağlanmasına baxmayaraq, Moskva neft və qaz ixracını Çin, Hindistan və digər ölkələrə daha da artırıb. ABŞ isə bunu məhdudlaşdırmaq üçün ikinci dərəcəli sanksiyaları gündəmə gətirir”.

 


Politoloqun sözlərinə görə, bu məsələdə Avropa İttifaqı daxilində fikir ayrılıqları yarana bilər: 


“Fransa Hindistana qarşı sanksiyaları dəstəkləməyə bilər. Çünki Fransa ilə Hindistan arasında hərbi, iqtisadi və investisiya sahəsində geniş strateji əməkdaşlıq mövcuddur. Çin məsələsində isə vəziyyət fərqlidir. Avropa ilə Çin arasında artıq ticarət böhranı yaşanır. Avropa İttifaqının Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq etməsi, Pekinin isə kritik mineralların satışına məhdudiyyət qoyması böhranı daha da dərinləşdirib. Belə bir şəraitdə Avropa İttifaqının Çinə qarşı əlavə sanksiyalar tətbiq etməsi münasibətləri çıxılmaz vəziyyətə sala bilər”.


Sultan Zahidov hesab edir ki, bu sanksiyaların tətbiqi ilə bağlı vahid mövqeyin formalaşması çətin olacaq. Bununla belə, əgər həm ABŞ, həm də Avropa İttifaqı Çinə və Hindistana qarşı sanksiyaları tam şəkildə həyata keçirsə, bu, Rusiyanın iqtisadiyyatına ciddi zərbə vura bilər:


“Belə bir addım Moskvanın müharibə aparatını zəiflədər və Rusiyanı Ukrayna ilə danışıqlara oturmağa, daha çox güzəştlərə getməyə məcbur edə bilər”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR