Ukrayna ümidlərini itirir: "Rusiyanı buradan çıxartmaq mümkün deyil"

Ukrayna Prezidenti Volodimir Zelenski işğal altında olan torpaqların geri qaytarılmasının hazırkı şəraitdə real görünmədiyini bəyan edib. Dövlət başçısı çıxışında Cənubi Koreya modelinə bənzər yanaşmanın tətbiq olunmasının mümkünlüyünü vurğulayıb. Zelenski bildirib ki, Ukraynanın nəzarətində qalan ərazilərin təhlükəsizliyi Qərbin, xüsusilə də ABŞ-nin zəmanəti ilə qoruna bilər.
Zelenskinin açıqlaması ilə bağlı fikrini bölüşən, politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında qeyd etdi ki, əslində Volodimir Zelenski döyüş meydanında yaranan reallıqlardan və gələcək perspektivlərdən danışıb.
"Belə ki, Ukrayna 3 il yarımdı Rusiyanın işğalına müqavimət göstərsə də, onun ərazilərinin bir hissəsi Rusiyanın nəzarətindədir", - deyən O.Qasımov hesab edir ki, hazırkı şəraitdə bu templə Ukraynanın bu torpaqları Rusiyadan geri alması çətin görünür:
"Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya və Ukrayna arasında güc fərqi çox böyükdür. Həm əhali baxımından, ordunun sayı baxımından , həm də potensialı baxımdan Rusiya üstün vəziyyətdədir. Amma Ukraynanın da 3 il yarım Rusiya işğalına müqavimət göstərməsi Rusiyanın bütün planlarının əhəmiyyətli hissəsini pozdu. Rusiya hesab edirdi ki, maksimum 1 həftə ərzində bütün Ukrayna onun nəzarətinə keçəcək".

Politoloqun sözlərinə görə Zelenskinin indi səsləndirdiyi fikirlər əslində çoxdan formalaşan qənaətin etirafıdır:
"Zelenskinin indi səsləndirdiyi fikirlər hələ müharibənin ilk aylarında bəzi Qərb ekspertləri tərəfindən, hərbiçilər tərəfindən səsləndirilmişdi. Onlar bəyan edirdilər ki, hazırki şəraitdə Rusiyanı Ukrayna ərazilərindən çıxarmaq mümkün deyil və Koreya modelinə uyğun bir şərait yaranacaq. Əslində bu gün düşünürəm ki, atəşkəsə gedilməsi, Ukraynanın öz nəzarətində olan ərazilərində müdafiə imkanlarını artırması və kollektiv Qərbin təhlükəsizlik zəmanətləri verməsi hazırda ən uyğun variant sayıla bilər. Belə ola bilərsə ən azından Ukrayna öz nəzarətində olan əraziləri tam şəkildə təminat altına almış olar və Qərbin dəstəyi ilə yeni inkişaf modelinə keçərək öz potensialını artıra bilər. Ukraynanın çətinliklərindən biri yalnız Rusiya və Ukrayna arasında potensial fərqi deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiyanın bu gün işğal etdiyi ərazilərin əhəmiyyətli hissəsi məhz rusların yaşadığı bölgələrdir və orada yaşayan rusların da əksəriyyəti separatizmə meyilli olublar. Onlar Moskvadan gələn təlimatlara uyğun hərəkət ediblər. Məhz Rusiyanın əlini bu bölgələrdə gücləndirən əsas amil budur. Buna görə də Zelenskinin fikri bugünkü reallıqlara uyğundur və Ukraynanın əldə edə biləcəyi maksimum nəticə atəşkəsin əldə olunması və bölgəyə təhlükəsizlik zəmanətləri altında ayırıcı qüvvələrin yerləşdirilməsi və Rusiya təhlükəsinin neytrallaşması olacaq. Bu Ukrayna üçün hazırkı mərhələdə məqbul variant sayıla bilər. Əlbəttə ki, sonrakı mərhələlərdə Ukrayna inkişaf edib güclənərsə, gələcəkdəki beynəlxalq geopolitik vəziyyətdən asılı olaraq torpaqların qaytarılması ilə bağlı məsələlər müzakirəyə çıxarıla bilər".
Niyaz Hacıyev






