Ukraynaya uzaqmənzilli raket dəstəyi: “Könüllülər koalisiyası” hərəkətə keçir

Ukraynaya uzaqmənzilli raket dəstəyi: "Könüllülər koalisiyası" hərəkətə keçir
Kateqoriya məlum deyil
T

Ukraynanı dəstəkləmək üçün formalaşdırılan “Könüllülər koalisiyası” ölkəyə hərbi və təhlükəsizlik zəmanətləri verməyi planlaşdırır. Bu məqsədlə “Könüllülər koalisiyası” Ukraynaya uzaqmənzilli raketlər verəcək.

 

Avropalı ekspertlər hesab edirlər ki, bu qərar ABŞ-ın razılığı olmadan qəbul edilə bilməz. ABŞ bununla nəyə nail olmaq istəyir? Trampın bildirdiyi kimi, “Rusiyaya hücum etmədən sülh olmayacaq” prinsipini tətbiq edirlər?

 

Sfera.az-a bununla bağlı açıqlama verən siyasi şərhçi Kənan Novruzov əsas məsələnin ABŞ ilə Avropanın maraqlarının üst-üstə düşməməsi ilə əlaqəli olduğunu bildirib.

 

Onun sözlərinə görə, ABŞ müharibəni dayandırmaq niyyətindədir:

 

“ABŞ diqqətini Yaxın Şərq və Çinlə əlaqələrin inkişafına yönəldəcək. Buna görə də Ukrayna müharibəsinin dondurulması, Rusiya ilə normal münasibətlərin bərpa edilməsinə cəhd edilir".

 

 

Şərhçi Avropanın da müharibənin bitməsini istədiyini söyləyib:

 

“Avropa, xüsusilə də Rusiyaya qonşu olan dövlətlər Moskvadan real təhlükə görürlər. Ona görə də onlar atəşkəsin və ya müvəqqəti sülhün bərqərar olmasını istəmirlər. Üstəlik, hazırda silah satışı davam edir, bu da onlar üçün həm biznes, həm də gəlir mənbəyidir. Beləliklə, ABŞ Ukraynaya “dayan” deyir, Avropa isə “davam et” mövqeyi tutur. Bu səbəbdən gərginlik yaranır”.

 

K. Novruzovun fikrincə, Avropa hazırda uzaqmənzilli raketləri və oxşar silahları Ukraynaya vermək istəyində ciddi deyil: 

 

“Çünki bu, həm ABŞ ilə qarşıdurma deməkdir, həm də perspektivdə Rusiyaya meydan oxumaq və onunla birbaşa üz-üzə gəlmək anlamına gəlir. Bu, böyük təhlükədir. Amma belə addım yalnız o halda atıla bilər ki, ABŞ-ın atdığı tədbirlər nəticə versin və yaxınlaşan sülhü əngəlləmək üçün Ukraynaya daha geniş dəstək göstərmək zərurəti yaransın. Lakin bu, müharibəni daha da alovlandıra, hətta Avropaya da keçirə və üçüncü dünya müharibəsi ehtimalını gündəmə gətirə bilər. Amma mən düşünürəm ki, Avropa belə təhlükəli bir riskə getməyəcək”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR