Qərb dilemma qarşısındadır - Ukrayna müharibəsini necə dayandırmaq olar?

Fransanın paytaxtı Parisdə Ukraynanın təhlükəsizliyi ilə bağlı beynəlxalq toplantı keçirilib. Bu toplantı təkcə Ukrayna-Rusiya müharibəsinin gələcək taleyinə dair deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasının gələcək istiqamətinə dair mühüm mesajlar kimi dəyərləndirilir. Sammitdə Qərb liderləri həm siyasi, həm də hərbi dəstəyin davamlılığı mövzusunda müxtəlif təkliflərlə çıxış ediblər. Əsas müzakirə predmeti isə Ukraynanın uzunmüddətli müdafiə güvənliyinin təmin olunması və yeni təhlükəsizlik formatlarının gündəmə gətirilməsi olub.
Bununla belə, toplantıdan sonra da bir çox suallar açıq qalır: Paris sammiti Ukrayna müharibəsinin gedişatında real dəyişikliklərə səbəb olacaqmı, yoxsa bu, daha çox siyasi mesaj xarakteri daşıyır?
Məsələ ilə bağlı Sfera.az-a danışan analitik Elman Vəliyev bildirib ki, Qərb ölkələri hazırda ciddi dilemmanın içindədir və qərarsız mövqedə görünür.
Onun sözlərinə görə, Qərb nə Ukraynanın tam şəkildə məğlub olmasını istəyir, nə də məhdudiyyətsiz yardım göstərmək niyyətindədir:
“Çünki müharibənin əvvəlindən bəri milyardlarla dollar dəyərində yardımlar edilib, lakin döyüş meydanında gözlənilən nəticə əldə olunmayıb. İndiki vəziyyət uzun müddət davam edə bilməz. Qərb də artıq atəşkəsin qaçılmaz olduğunu anlayır və prosesin siyasi yolla həllinə maraq göstərməyə başlayıb”.
Ekspert əlavə edib ki, Qərbin məqsədlərindən biri Ukraynada koalisiya qüvvələrini yerləşdirərək təhlükəsizlik zəmanəti formalaşdırmaqdır:
“Yəni Ukraynanın müdafiəsini müəyyən mənada öz üzərinə götürmək planlaşdırılır. Ukrayna buna razı ola bilər, çünki kompromisə getmək üçün təhlükəsizlik təminatına ehtiyacı var. Rusiya isə özünü daha müəmmalı aparır. Böyük ehtimalla Moskva indiyədək işğal etdiyi ərazilərdə mövqelərini qorumaq şərtilə kompromisə gedəcək. Amma bu kompromisin hansı formatda reallaşacağı hələ də sual altındadır”.
Firuzə Əliyeva
Sfera.az






