Parisdə Ukrayna ilə bağlı kritik zirvə keçirilir

Fransanın paytaxtı Parisdə Ukraynanın təhlükəsizliyi ilə bağlı beynəlxalq toplantı təşkil olunub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi ilə Yelisey Sarayında keçirilən görüşdə 31 ölkənin nümayəndələri iştirak edib.
“Könüllülər Koalisiyası” adlanan toplantıda Ukrayna ilə Rusiya arasında mümkün atəşkəsdən sonra Kiyevə veriləcək təhlükəsizlik zəmanətləri müzakirə olunub.
Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Avropa Şurasının Prezidenti Antonio Kosta, Polşa Baş naziri Donald Task, Finlandiyanın Baş naziri Mette Frederiksen, Ukrayna Prezidenti Vladimir Zelenski, həmçinin Niderland və Avstriya baş nazirləri iştirak edirlər. Böyük Britaniya, Almaniya və Türkiyənin də aralarında olduğu 20 ölkə və NATO-nun baş katibi Mark Rutte iclasa videokonfransla qoşulub.
ABŞ Prezidenti Donald Tramp da qəbul edilən qərarlar barədə məlumatlandırılacaq.
Prezident Makron çıxışında bildirib ki, tərəfdaş ölkələrlə və NATO ilə birlikdə Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin müəyyən edilməsi üzərində işləyirlər.
“Bu, sülhə doğru inamlı addım atmaq üçün əsas şərtdir”, – deyə Fransa lideri vurğulayıb. Makron həmçinin toplantıda üzv ölkələrin Rusiyaya qarşı izləyəcəyi siyasətin də müzakirə mövzusu olduğunu qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az
