Qəribə hadisə: Dərisinin rəngini bəyənmədi, arvadını yandırdı

Hindistanda arvadının dəri rəngini bəyənmədiyi üçün diri-diri yandıraraq öldürən kişi məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkədə qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin kəskin müzakirələrə səbəb olmasına yol açıb.
Məhkəmə araşdırmalarına görə, Kişandas adlı şəxs uzun müddət həyat yoldaşını “qara” deyə çağıraraq alçaldıb. Hakim Rahul Çoudhari qərarında, cinayəti “sağlam və müasir bir cəmiyyətdə ağla belə gəlməyəcək bir insanlıq cinayəti” kimi qiymətləndirib.
Zərərçəkmiş Lakşimi isə ölümündən əvvəl polisə verdiyi ifadəsində ərinin daim dəri rəngi ilə bağlı onu təhqir etdiyini bildirib. Cinayət gecəsi Kişandas əlində qəhvəyi rəngli mayeni qadının üstünə tökərək bunun “dərinin rəngini açan dərman” olduğunu deyib, daha sonra isə onu tütsü çubuğu ilə yandırıb.
Ağır yanıq xəsarətləri alan qadın xəstəxanada həyatını itirib. Prokuror Dineş Palival qərarı tarixi adlandıraraq, cəmiyyət üçün dərs olacaq bir addım olduğunu bildirib.
Təqsirləndirilən şəxsin vəkili isə müvəkkilinin günahsız olduğunu iddia edərək qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Hindistanda dəri rənginə əsaslanan ayrı-seçkilik hələ də ciddi sosial problem olaraq qalır. Ölkədə açıq dərili üst təbəqə nümayəndələri imtiyazlı mövqedədir, tünd dərili qadınlar isə çox zaman zorakılıq və alçaldıcı münasibətlə üzləşirlər.
Bəsti Rəfizadə
Sfera.az






