İsrail hərəkətə keçir: Fələstin dövlətinin yaranması ...

İsrail bir sıra ölkələrin Fələstin dövlətini rəsmi şəkildə tanımaq qərarına cavab olaraq, İordan çayının qərb sahillərində öz suverenliyini elan edə bilər.
İordan çayının qərb sahili adlanan ərazi Fələstinin torpaqlarıdır. Burada Fələstinin paytaxtı yerləşir və dövlətin böyük hissəsi də bu bölgədən ibarətdir.
İsrail belə bir addım atarsa, Fələstin dövlətinin yaranması imkanları aradan qalxacaq?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli İsrailin başlıca məqsədinin Fələstin adlı dövlətin qurulmasına mane olmaq olduğunu deyib.

Onun sözlərinə görə, onilliklər ərzində rəsmi Təl-Əviv bu istiqamətdə addımlar atıb və buna böyük ölçüdə nail ola bilib:
“Bu isə beynəlxalq hüquq prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Çünki BMT ötən əsrin ortalarında qəbul etdiyi qərara əsasən, həmin torpaqlarda iki dövlət İsrail və Fələstin yaradılmalı idi. Lakin indiyədək yalnız İsrail dövləti təsis olunub, Fələstinin formalaşması isə baş tutmayıb. Buna həm beynəlxalq güc mərkəzlərinin siyasi iradəsi mane olub, həm də İsrail özü bu prosesi əngəlləyib”.
Politoloq hazırda ABŞ-nin dəstəyini arxasına alan İsrailin, Fələstin dövlətinin qurulması perspektivini birdəfəlik gündəmdən çıxarmağa çalışdığını bildirib:
“Bu, Yaxın Şərqin yenidən formalaşdırılması planlarının bir hissəsi kimi dəyərləndirilir. İsrail Fələstin ərazilərini işğal etsə və bütün beynəlxalq hüquq qaydalarını pozsa da, onun bu siyasətinə qarşı çıxan qüvvələr də mövcuddur. Xüsusilə Türkiyə İsrailin niyyətinə ciddi etiraz edir və bütün beynəlxalq tribunalarda sərt mövqe sərgiləyir. Son dövrlərdə Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və digər aparıcı Avropa dövlətləri də İsrailin Fələstində törətdiyi hərəkətlərə görə onu qınayırlar. Həmin ölkələr BMT-nin bu ay keçiriləcək Baş Assambleyasında İsraili rəsmi şəkildə tənqid edib, Fələstin dövlətini tanımaq barədə qərar qəbul edə biləcəklərini bəyan ediblər. Bu isə Təl-Əvivin ciddi narazılığına səbəb olub”.
Analitik əlavə edib ki, beləliklə, İsrail faktiki olaraq Fələstin dövlətinin beynəlxalq müstəvidə tam tanınmasının qarşısını almaq üçün yeni addımlar atır:
“Əgər bu plan gerçəkləşərsə, beynəlxalq hüquq normaları kobud şəkildə pozulmaqla yanaşı, onların legitimliyi də şübhə altına düşəcək. Bu isə çox təhlükəli presedent yaradaraq, digər dövlətlərin də başqa xalqların torpaqlarını işğal edib öz ərazilərinə qatmasına zəmin yarada bilər. Bu da dünyada genişmiqyaslı münaqişələr dalğası başlamasına səbəb ola bilər”.
Fidan Hacızadə
Sfera.az






