Kim Çen ölən hərbçilərin ailələri ilə yenidən görüşdü

Şimali Koreya lideri Kim Çen In Kursk vilayətinin azad edilməsi zamanı həlak olan hərbçilərin ailələri ilə yenidən görüşüb.
Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir.
Avqustun 29-da Şimali Koreya liderini Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin yüksək vəzifəli şəxsləri, hərbi komandirlər və inqilabi məktəblərin əməkdaşları müşayiət ediblər. Kim Çen həlak olanların ailələrinə təsəlli verib, əsgərlərin həyatını xilas etmədiyi üçün onlardan üzr istəyib.
"Ordumuz niyə bu qədər qəhrəmandır? O, təslim olmağı bilmir, onun üçün mümkünsüz heç nə yoxdur və döyüşdə həmişə qalib gəlir", - Kim Çen In deyib.
Şimali Koreya lideri ailələrə həlak olan əsgərlərin milli bayraqlara bükülmüş portretlərini hədiyyə edib. Daha sonra o, ailə üzvləri ilə şəkil çəkdirib.
Qeyd edək ki, avqustun əvvəlində Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun komandirləri və əsgərlərini medallarla təltif edib. Çıxışı zamanı onun arxasında 101 şəxsiyyətin portretini əks etdirən xatirə divarı dayanmışdı. Kim Çen In medalları həlak olan əsgərlərin fotoşəkillərinə yapışdırıb.
Mərasimdə hərbçilərin ailə üzvləri iştirak edib. Bu yay Kim Çen Inın vətənlərinə qayıdarkən həlak olmuş əsgərlərin cəsədlərini şəxsən qəbul etdiyini əks etdirən görüntülər yayılıb.
Firuzə Əliyeva
Sfera.az






