Avropanın planı: Ukraynada bufer zona yaradılacaq

Ukrayna üçün 825 milyon dollarlıq ABŞ silahlarının satışına yaşıl işıq yandırıldığı bir vaxtda Avropa liderləri cəbhə xətləri arasında 40 kilometrlik "bufer zona" yaratmaq planı üzərində düşünür.
Sfera.az xəbər verir ki, “Politico”nun məlumatına görə, beş avropalı diplomat bu ideyanın müzakirə edilən bir neçə təklifdən biri olduğunu bildiriblər.
Təklif olunan zona Moskvanın qəbul edə biləcəyi variant kimi dəyərləndirilir. Lakin zonanın dəqiq dərinliyi barədə razılıq əldə olunmayıb və Kiyevin buna razılıq verib-verməyəcəyi hələ məlum deyil. Bu halda ərazi güzəştlərinin qaçılmaz olacağı qeyd olunur.
Rusiya Prezidenti Vladimir Putin isə şərtlərində israrlıdır. O, NATO qoşunlarının Ukraynada yerləşdirilməsinə və ərazi güzəştlərinə icazə verməyəcəyini açıqlayıb.
ABŞ isə bu danışıqlarda iştirak etməyib. Bunun əvəzinə Vaşinqton Ukrayna üçün 825 milyon dollarlıq hərbi paketi təsdiləyib. Pentaqonun məlumatına görə, paketə 3 min 350 ədəd uzaqmənzilli hücum raketi, GPS idarəetmə dəstləri, elektron müharibə müdafiə sistemləri, dəstək avadanlıqları, ehtiyat hissələri və texniki yardım daxildir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu ayın əvvəlində ABŞ silahlarının alınması üçün Avropa müttəfiqlərindən 1,5 milyard dollar təmin etdiklərini açıqlamışdı.
ABŞ Dövlət Departamenti satışa icazə verib, lakin müqavilə hələ imzalanmayıb.
Bəsti Rəfizadə
Sfera.az






