ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, əgər yaxın günlərdə Ukrayna-Rusiya görüşü baş tutmasa, Moskvanı ağır nəticələr gözləyir. Onun sözlərinə görə, Rusiya yenidən sərt sanksiyalarla üz-üzə qala bilər.
Xatırladaq ki, Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı bir neçə dəfə açıqlama verib. Lakin hər dəfə o, fikrindən daşınıb.
Bəs bu dəfə də necə olacaq? Tramp sanksiyaları ağırlaşdıra bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli qeyd edib ki, hazırda ABŞ-nin mövqeyi kifayət qədər ziddiyyətlidir:
“Bir tərəfdən Vaşinqton Rusiya ilə anlaşmanın vacibliyini qabardır, hətta Ukraynaya müəyyən güzəştlərə getməsi üçün təzyiqlər göstərir. Digər tərəfdən isə eyni anda Moskva ilə diplomatik anlaşma cəhdləri edilir. Amma bu günə qədər Trampın bu istiqamətdəki siyasəti nəticə verməyib. Ən əsası ondan ibarətdir ki, Alyaska görüşündə əldə edilmiş razılaşmalar artıq Rusiya tərəfindən pozulub. Bu, Tramp administrasiyasında, xüsusilə də Ağ Evdə kifayət qədər ciddi narazılıq yaradıb. Prezident Putin Rusiyanın davranışlarını ABŞ-nin beynəlxalq nüfuzuna, eyni zamanda Trampın şəxsi nüfuzuna zərbə kimi qəbul edir. Ona görə də Tramp indiki mərhələdə Rusiyaya sərt addımlar atmaqdan çəkinmir və açıq şəkildə bildirir ki, bu dəfə nəticə fərqli olacaq”.
Ekspert əlavə edib ki, hazırda Tramp Moskvanı seçim qarşısında qoyub:
“ABŞ prezidenti Rusiyaya iki həftə vaxt verib. Əgər bu müddət ərzində anlaşma əldə olunmasa, Tramp Rusiyaya qarşı radikal addımlar atacağını bəyan edib. Bu addımlar əsasən iki istiqamətdə ola bilər. Birinci istiqamət ondan ibarətdir ki, Tramp Ukraynanın silah, sursat və hərbi texnika ilə təchiz olunmasına dair qərar qəbul edib. Bu, əslində Bayden administrasiyasının siyasətinə geri dönüşdür. Sadəcə burada mühüm bir fərq var: Bayden dövründə silah tədarükü birbaşa ABŞ büdcəsi hesabına maliyyələşirdi. Tramp isə bu xərclərdən imtina edib. ABŞ silahları NATO üzvü olan Avropa dövlətlərinə satacaq, həmin dövlətlər də aldıqları silahları Ukraynaya göndərəcəklər. Yəni Tramp hesab edir ki, Ukrayna savaşını maliyyələşdirmək ABŞ-nin işi deyil. Amerika sadəcə öz hərbi sənaye kompleksinin istehsal etdiyi silahları bazara çıxaracaq və qazanc əldə edəcək. Bu, həm ABŞ üçün iqtisadi fayda gətirəcək, həm də Ukraynanın silah ehtiyacını dolayısı ilə təmin edəcək”.
Onun sözlərinə görə, ikinci istiqamət Rusiyaya qarşı sərt iqtisadi sanksiyalardır:
“Tramp artıq bəyan edib ki, əgər Moskva ilə anlaşma baş tutmasa, Rusiyaya qarşı radikal sanksiyalar tətbiq olunacaq. Bu sanksiyalar yalnız Rusiya ilə məhdudlaşmaya bilər. Onunla iqtisadi və ticari münasibətləri olan dövlətlər də hədəfə alına bilər. Bu isə Rusiya üçün olduqca təhlükəli bir ssenaridir. Çünki Moskva ticarət tərəfdaşlarını itirsə, həm müharibəni maliyyələşdirməkdə, həm də iqtisadiyyatına yeni maliyyə mənbələri tapmaqda böyük çətinliklərlə üzləşəcək”.
Elçin Xalidbəyli əlavə edib ki, hələlik Trampın sərt sanksiyaları həqiqətən tətbiq edib-etməyəcəyi müəmmalıdır:
“Əslində hər şey qarşıdakı iki həftə ərzində baş verəcək proseslərdən asılıdır. Bu müddətdən sonra suallara böyük ölçüdə aydınlıq gələcək. Belə görünür ki, Rusiya indi seçim etməlidir: ya yaxın gələcəkdə tam blokada vəziyyətinə düşməmək üçün sülh və ya atəşkəs razılaşmasına getməlidir, ya da müharibəni davam etdirərək həm Ukraynanın silahlandırılmasına, həm də özünün ağır iqtisadi sanksiyalara məruz qalmasına yol açmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az