ABŞ yeni döyüş dronunu sınaqdan keçirdi

ABŞ Hərbi Hava Qüvvələri YFQ-42A döyüş pilotsuz uçuş aparatının (PUA) sınaq buraxılışını həyata keçirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni aparat döyüş təyyarələri ilə birgə fəaliyyət göstərmək üçün nəzərdə tutulan Kollaborativ Döyüş Təyyarələri (CCA) proqramı çərçivəsində hazırlanıb.
Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Devid Alvin bildirib ki, CCA konsepsiyası döyüş meydanını yenidən təsəvvür etməyə, əməliyyatların məsafəsini və çevikliyini artırmağa, həmçinin insan-maşın əməkdaşlığı vasitəsilə döyüşçülərin effektivliyini yüksəltməyə imkan verəcək.
“Air and Space Forces” jurnalının yazdığına görə, təşəbbüsün əsas məqsədi ABŞ-nin F-22 və F-35 qırıcılarının atəş gücünü artırmaqdır. Yeni nəsil pilotsuzlar qırıcıların yükünü azaltmaqla onların daha çox silah daşımasına şərait yaradacaq. Bu isə, xüsusilə “stealth” texnologiyasına malik təyyarələrin gizliliyini qorumaq baxımından əhəmiyyətli sayılır. Jurnal həmçinin qeyd edir ki, CCA konsepsiyası ənənəvi pilotlu təyyarələrin istehsalı ilə müqayisədə həm xərcləri azaldacaq, həm də döyüş təyyarələrinin istehsal sürətini artıracaq.
Proqramın ilkin mərhələsində General Atomics və Anduril Industries şirkətləri seçilib. Onların hazırladığı prototiplər 2024-cü ilin mayında yerüstü sınaqlardan keçirilib. ABŞ Hərbi Hava Qüvvələri isə 2025-ci ilin oktyabrından başlayacaq 2026-cı maliyyə ilində pilotsuzların seriyalı istehsalı ilə bağlı qərar verməyi planlaşdırır.
Fidan Hacızadə
Sfera.az






