Avstraliya İran səfirini geri yolladı

Avstraliya İranın səfirini ölkədən çıxarıb və ölkənin Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb .
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
“2023-cü il oktyabrın 7-də baş verən dəhşətli hadisələrdən sonra biz Avstraliyanın yəhudi icmasına qarşı bir sıra dəhşətli antisemit hücumların şahidi olduq”,- bəyanatda qeyd edilir.
“Cəmiyyətimizə qarşı bu hücumlar tamamilə qəbuledilməzdir (...) Biz İranın Avstraliyadakı səfirinə onun və əlavə üç iranlı diplomatın ölkədən çıxarılacağını bildirdik. Biz Tehrandakı səfirliyimizdəki əməliyyatları dayandırmışıq və bütün diplomatlarımız artıq üçüncü ölkədə təhlükəsizdirlər. Avstraliya hökuməti qanun qəbul edəcək ki, biz İran İslam İnqilabı Keşikçiləri Korpusunu – SEPAH-ı terrorçu təşkilatlar siyahısına sala bilək”, – Avstraliya XİN-i xüsusilə əlavə edib.
Avstraliya XİN-in məlumatına görə, rəsmi Kanberra İkinci Dünya müharibəsindən bəri ilk dəfədir hansısa bir ölkənin səfirini qovur.
Qeyd edək ki, ötən il Avstraliyanın Sidney və Melburn şəhərlərində anti-semit hücumlar baş verib
Firuzə Əliyeva
Sfera.az






