Şimali Koreya iki ölkəni hədələdi

Şimali Koreya rəhbərliyi ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi “Ulçi Azadlıq Qalxanı” hərbi təliminə kəskin reaksiya verib. Rəsmi Pxenyan bəyan edib ki, bu təlim Koreya yarımadasını işğal planlarının açıq göstəricisidir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Baş Qərargahının bununla bağlı açıqlamasında bildirilib:
“ABŞ və Cənubi Koreya hərbi təlimləri davam etdirsə, xoşagəlməz vəziyyətlərlə üzləşəcəklərini və ağır bədəl ödəyəcəklərini unutmamalıdır”.
Baş Qərargah rəisinin müavini Kim Yonq Bok isə Vaşinqtonun təlimi “müdafiə xarakterli” adlandırmasını sərt tənqid edib:
“ABŞ bir daha həqiqəti təhrif edərək dünya ictimaiyyətini çaşdırmağa çalışır. Təlimin guya müdafiə məqsədli olması barədə deyilənlər sadəcə gülüncdür”.
Açıqlamada ABŞ-yə məxsus 10-dan çox “F-35” qırıcı təyyarəsinin avqustun 25-də Cənubi Koreyaya gətirildiyi və dərhal intensiv məşqlərə başladığı xatırladılıb. Şimali Koreya bu faktı təlimin real müharibə hazırlığı olduğunu göstərən sübut kimi təqdim edib.
Bəsti Rəfizadə
Sfera.az






