“Starship”in 10-cu cəhdi də uğursuz oldu

“SpaceX”in ən güclü kosmik raketi olan “Starship”in 10-cu sınaq uçuşu da uğursuzluqla nəticələnib. Uçuşa yarım saat qalmış yer sistemlərində texniki nasazlıq aşkarlanıb və buraxılış dayandırılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, milyarder iş adamı İlon Maskın rəhbərlik etdiyi şirkət açıqlama yayaraq, yanacaq doldurma prosesi zamanı yaranan problem səbəbindən geri sayımın dayandırıldığını bildirib.
“Bugünkü uçuş ləğv olunub. Yer sistemlərindəki nasazlığı aradan qaldırmaq üçün vaxta ehtiyacımız var”, – deyə “SpaceX”in açıqlamasında qeyd olunub.
Son aylarda bir sıra uğursuz sınaqlarla gündəmə gələn “Starship” proqramı iyunda test meydançasında baş verən partlayışla da diqqət çəkmişdi. May ayında həyata keçirilən 9-cu uçuş zamanı raket uğurla fırladılsa da, daşıdığı 8 “Starlink” peykini orbitə yerləşdirə bilməmişdi. Yanacaq sızması səbəbindən yüksəklik problemi yaranmış və buraxılışdan 30 dəqiqə sonra raketlə əlaqə kəsilmişdi.
Bundan əvvəl isə 8-ci uçuş mühərrik nasazlığına görə starta 1 dəqiqə qalmış ləğv edilmişdi.
“Starship” proqramı həm NASA-nın “Artemis Ay” missiyası, həm də gələcək Mars planları üçün böyük əhəmiyyət daşıyır.
Bəsti Rəfizadə
Sfera.az






