Trampın yalan vədləri - Nələri bacarmadı?

ABŞ Prezidenti Donald Tramp illərdir siyasi gündəmdə qalmağı bacarır. Onun çıxışlarının əsas xüsusiyyəti isə gurultulu vədlər, sərt bəyanatlar, lakin çox vaxt həyata keçirilməyən planlarla yadda qalmasıdır. Tramp seçkiqabağı kampaniyalarda xalqa verdiyi vədlərlə böyük rezonans doğurub. Lakin bu gün baxdıqda həmin vədlərin bir qismi reallaşmayıb, bəziləri isə tamamilə unudulub.
Sfera.az bildirir ki, ən çox müzakirə edilən mövzulardan biri Rusiya-Ukrayna müharibəsinə dair Trampın sözləri olub.
O, dəfələrlə prezident seçilərsə, müharibəni “cəmi 24 saat ərzində” dayandıracağını bəyan etmişdi. Bu açıqlama beynəlxalq mediada böyük səs-küy yaratmışdı. Lakin indi müharibə davam edir, minlərlə insan həyatını itirir. Tramp isə sonradan həmin sözlərin “bir az sarkastik” olduğunu etiraf edərək, reallıqda bu qədər tez nəticə əldə etməyin mümkünsüzlüyünü dolayısı ilə qəbul etdi.
Digər məşhur vəd isə “Meksika divarı” ilə bağlı idi. Tramp 2016-cı ildə hakimiyyətə gəlmək üçün apardığı kampaniyada ABŞ-Meksika sərhədində nəhəng divar tikəcəyini, üstəlik, bütün xərcləri Meksikanın ödəyəcəyini vəd etmişdi. Reallıqda isə divarın yalnız müəyyən hissəsi inşa olundu, əksəriyyəti isə mövcud baryerlərin gücləndirilməsindən ibarət idi. Ən əsası isə Meksika heç bir vəsait ödəmədi. Bütün xərclər ABŞ büdcəsindən qarşılandı. Hazırda Tramp administrasiyası divarı 2029-a qədər tamamlamaq niyyətində olduğunu bildirir. Son günlər isə divarın qara rəngə boyanacağı, bunun da miqrantların dırmaşmasını çətinləşdirəcəyi açıqlanıb.
İqtisadi və sosial sahədə də oxşar mənzərə müşahidə olunur. Tramp seçkilər zamanı dövlət xərclərini trilyonlarla dollar azaldacağına, Sosial Təminat və Medicare kimi proqramların toxunulmaz qalacağına, hətta bəzi sosial xidmətlərin pulsuz ediləcəyinə söz vermişdi. Lakin bu istiqamətdə əksinə, ixtisarlar və kəsintilər gündəmə gəldi. Federal büdcədə xərclərin azaldılması baş tutmadı, dövlət borcu isə artmaqda davam edir.
Trampın digər vədləri arasında Təhsil Nazirliyini bağlamaq, “dərin dövlət” adlandırdığı strukturları tamamilə aradan qaldırmaq, Qəzza böhranını qısa müddətdə həll etmək də var idi. Lakin bu planların heç biri reallığa çevrilmədi. Təhsil Nazirliyinin bağlanması üçün imzalanan icra əmri hüquqi baxımdan təsirsiz qaldı, çünki belə bir addım Konqresin razılığı olmadan mümkün deyil. Qəza böhranında isə müvəqqəti atəşkəslərə baxmayaraq, davamlı sülh əldə olunmadı.
Mediaya qarşı sərt addımlar da geniş müzakirə mövzusu olub. Tramp dövlət dəstəyi alan NPR və PBS kimi media qurumlarının maliyyəsini dayandırmaq üçün qərar verdi. Bu addım konstitusiyaya zidd olduğu üçün məhkəməyə daşındı və hazırda proses davam edir.
Beləliklə, Donald Trampın siyasi portretinə nəzər salanda onun ən çox böyük vədlərlə yadda qaldığı, lakin həmin vədlərin mühüm qisminin həyata keçmədiyi açıq görünür. Onun ritorikası seçki dövrlərində güclü təsir göstərsə də, real siyasətdə çox vaxt nəticəsiz qalır. ABŞ və dünya ictimaiyyəti isə bu gün də onun verdiyi sözlərlə atdığı real addımlar arasındakı fərqi müzakirə etməkdə davam edir.
Firuzə Əliyeva
Sfera.az






