Trampın strategiyası nəticə vermir - Rusiya danışıqlarda manipulyasiya edir? – AÇIQLAMA

ABŞ ilə Rusiya arasında Alyaskada keçirilən görüş gözlənildiyi kimi hər hansı ciddi müsbət nəticə əldə edilməsinə imkan vermədi. Prezident Donald Trampın bütün cəhdlərinə baxmayaraq bu dəfə də Rusiya və Ukrayna arasında yekun razılaşma əldə etmək mümkün olmadı.
Tramp administrasiyasının bütün cəhdlərinin nəticəsiz qalması belə bir sual yaradır: ABŞ-nin münaqişənin həlli ilə bağlı strategiyası səhvdir?
Siyasi şərhçi Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirdi ki, son görüşün uğurlu alınmayacağı əvvəlcədən bəlli idi:
“Əsas sual Rusiyanın həqiqətən sülh istəyib-istəməməsi ilə bağlıdır. Moskvanın əsas məqsədi nəticə əldə etmək yox, Donbas bölgəsinin işğalını tam şəkildə reallaşdırmaqdır. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, Rusiyanın niyyəti prosesi uzadaraq vaxt qazanmaqdır. Qısa müddət əvvəl yeni sanksiya paketi hazırlanmışdı və Avropa ölkələrinin də buna dəstək verəcəyi gözlənilir. Söhbət əsasən Rusiyanın enerji sektoru və bank sisteminə qarşı ciddi sanksiyalardan gedir. Artıq bir neçə bank bağlanıb, bu da Moskvanı narahat edir”.

Ekspert həmçinin Rusiyanın sərt ritorikasının danışıqlara zərbə vurduğunu dedi:
“Xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları, hətta Ukrayna rəhbərliyinin legitimliyini şübhə altına alması, Moskvanın kompromisə hazır olmadığını göstərir. Bu, təbii ki, ABŞ tərəfindən müsbət qarşılanmır”.
Onun fikrincə, danışıqların nəticəsiz qalması ABŞ və Avropa tərəfindən yeni sanksiyaların qüvvəyə minməsinə gətirib çıxara bilər:
“Bu həm də Putinin planlarının uğursuzluğa düçar olması deməkdir".
Bəsti Rəfizadə
Sfera.az






