ABŞ bu şəxslərə viza verməyi dayandırdı

ABŞ Prezidenti Donald Tramp administrasiyası “təhlükəsizlik narahatlıqları” səbəbindən kommersiya yük maşını sürücülərinə işçi vizalarının verilməsini dayandırıb.
Sfera.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio “X” sosial media platformasında etdiyi paylaşımda, ölkədə iri qoşqulu yük maşınlarını idarə edən xarici sürücülərin sayının artmasına diqqət çəkib.
Onun sözlərinə görə, bu vəziyyət həm ABŞ vətəndaşlarının təhlükəsizliyinə, həm də yerli sürücülərin dolanışığına zərər vurur.
“Dərhal qüvvəyə minmək şərtilə kommersiya yük maşını sürücüləri üçün bütün işçi vizası müraciətlərini dayandırırıq”, – Rubio bildirib.
Xatırladaq ki, apreldə imzalanan fərmanla sabiq Prezident Barak Obamanın dövründə qüvvəyə minmiş və ingilis dilini bilməyən kommersiya sürücülərinin işdən çıxarılmasının qarşısını alan qayda ləğv olunmuşdu. Fevralda isə Tramp imzaladığı fərmanla ABŞ tarixində ilk dəfə ingilis dilini ölkənin rəsmi dili elan etmişdi.
ABŞ Dövlət Departamentindən verilən açıqlamada isə mövcud vizası olan 55 milyondan çox şəxsin immiqrasiya qaydalarını pozub-pozmadığının yoxlanıldığı bildirilib. Qaydaları pozduğu müəyyən edilənlərin vizasının ləğv ediləcəyi və ölkədən çıxarıla biləcəyi qeyd olunub.
Bəsti Rəfizadə
Sfera.az






