Rusiya-Ukrayna müharibəsinin ən qızğın nöqtələrindən biri Donbas regionudur. Donetsk və Luqansk vilayətlərindən ibarət bu ərazi həm Moskva, həm də Kiyev üçün strateji baxımdan böyük önəm daşıyır. Rusiya müharibənin ilk günlərindən bəri Donbasın tam nəzarət altına alınmasına çalışır və buranı siyasi danışıqlarda əsas şərt kimi irəli sürür.
Bəs Kremlin bu qədər israrla Donbası istəməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Sfera.az açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə görə, Kremlin Donbası istəməsinin bir neçə səbəbi var:
“Müharibənin başlanğıcından bəri Rusiya Donbasa nəzarət etməyi qarşısına məqsəd qoyub. Bunun arxasında tarixi, ideoloji və iqtisadi faktorlar dayanır. Sovet İttifaqı dövründə və onun dağılmasından sonra Donbasla Rusiya arasında tarixi əlaqələr mövcud olub. Bölgə əsasən rusdillidir və bu, müharibədə Rusiya üçün önəmli faktorlardan biri olub. Hərbi əməliyyatların əvvəlində Putin də Donbasdakı rusdilli əhalini Ukrayna hökumətinin təzyiqlərindən qorumağı əsaslandırma kimi göstərmişdi. Rusiya artıq üç ildən çoxdur müharibədə yorulub. Donbası tam nəzarət altına aldıqdan sonra digər ərazilərdən geri çəkilə biləcəyinə dair bəyanatlar verilib. Bu səbəbdən Kremlin prioriteti məhz Donbasın işğal altına alınmasıdır”.
Ekspert əlavə edib ki, iqtisadi baxımdan isə Donbas zəngin təbii sərvətlərə malikdir:
“Region Avropada dördüncü ən böyük mədən ərazisidir. İndiyədək statistik məlumatlar göstərir ki, burada milyardlarla dollarlıq ehtiyatlar mövcuddur. Son illərdə təxminən 14 milyard ton qalıq yanacaq və 100 milyon ton kömür çıxarılıb. Digər təbii sərvətlər də kifayət qədər zəngindir. Donbası nəzarət altına almaq həm ideoloji baxımdan, həm iqtisadi cəhətdən, həm də müharibədə öz qələbəsini təmin etmək baxımından Rusiyanın əsas məqsədidir. Tramp-Putin danışıqlarında da Donbasın işğal altındakı olmayan təxminən 25%-lik ərazilərin qaytarılması şərtilə müharibənin dayandırılması təklifi irəli sürülüb. Amma bu ərazilərin Rusiyaya verilməsi Ukrayna və beynəlxalq birliyin razılığı ilə mümkün deyil".
Bəsti Rəfizadə
Sfera.az