Zaxarova Zelenskiyə sataşdı: “Xəritə onun üzünə vurulan sillə idi”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidentinin Oval kabinetində nümayiş etdirilən Ukrayna xəritəsini şərh edib. O, xəritəni Ukrayna lideri Vladimir Zelenski üçün “ağır sillə” adlandırıb.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, Zaxarova “Sputnik” radiosuna açıqlamasında deyib:
“Bu rəsmdə göstərilənlər elə güclü sillə idi ki, tarixdən və coğrafiyadan qopan, reallıqdan uzaq düşən, döyüş meydanında hər şeyi həll etmək istəyənlərin hamısını özünə gətirməli idi”
Diplomat əlavə edib ki, xəritənin Zelenskiyə “üzünə vurulan yumruq” təsiri bağışladığını, lakin onun bu reallığı qəbul etməsinin çətin olacağını düşünür:
“Hesab edirəm ki, Zelenskini özünə gətirmək çətin olacaq. Amma heç olmasa bu addım ona və ətrafına nə qədər itki verdiklərini göstərmək üçün silkələyici bir işarədir”.
Qeyd edək ki, “BBC” Oval kabinetdə sərgilənən xəritədə Ukrayna ərazisinin təxminən 20 faizinin çəhrayı rənglə işarələndiyinə diqqət çəkmişdi. Britaniya mediası bunu “dörd illik müharibədən sonra ukraynalılara soyuq xatırlatma” kimi dəyərləndirib. “BBC” həmçinin xəritənin ABŞ-nin Ukraynaya torpaq güzəştləri müqabilində sülh təklifini vizual şəkildə vurğulamaq üçün istifadə olunduğunu yazmışdı.
Bəsti Rəfizadə
Sfera.az







