Zelenski Melania Trampa təşəkkür etdi: “Onun mərhəməti bu işə güc qatır”

Zelenski Melania Trampa təşəkkür etdi: "Onun mərhəməti bu işə güc qatır"
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melania Trampa Rusiyanın qaçırdığı ukraynalı uşaqlar məsələsinə göstərdiyi diqqətə görə təşəkkür edib.

 

Sfera.az xəbər verir ki, Zelenski sosial şəbəkə platforması “X” üzərindən paylaşımında Melania Trampın Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək müharibə səbəbilə uşaqların yaşadığı faciəyə diqqət çəkdiyini xatırladıb.


“ABŞ-nin birinci xanımı Melania Trampa, bu müharibənin ən acı məsələlərindən biri olan Rusiyanın qaçırdığı ukraynalı uşaqlar mövzusuna diqqət göstərdiyi üçün təşəkkür etmək istəyirəm. Onun mərhəmətini və Putinə yazdığı məktubu dərin minnətdarlıqla qarşılayırıq”, – Zelenski bildirib.


Ukrayna lideri əlavə edib ki, bu mövzu humanitar faciənin mərkəzində dayanır:


“Uşaqlarımız, parçalanmış ailələr, ayrılıq ağrısı… Ən azı 20 min uşaq qaçırılıb”.


Zelenski qeyd edib ki, həyat yoldaşı Olena Zelenska Melania Trampa təşəkkür məktubu yazıb və məktubu ABŞ Prezidenti Donald Trampa təqdim edib:


“Onun səsi önəmlidir və həssaslığı bu işə güc qatır”.


Prezident, Rusiyanın qaçırdığı bütün uşaqların geri qaytarılması üçün çalışdıqlarını bildirərək, əsirlərin də azad olunmasının sülh prosesinin bir hissəsi olduğunu vurğulayıb:


“Bəziləri 2014-dən bəri Rusiyada çox pis şəraitdə saxlanılan minlərlə hərbi əsir və mülki şəxs hələ də azad edilməlidir. Bütün əsirlərin mübadiləsi üçün danışıqları davam etdirəcəyik və bizə yardım edən güclü dostlarımız olduğu üçün minnətdarıq”.


Zelenski paylaşımının sonunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni etiketləyib və Donald Trampın “dünya üzrə itkin düşən uşaqlar” barədə ortaq təşəbbüslərə diqqət çəkən paylaşımını qeyd edib.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR