“Donald Trampın təklifi qəbul edilməyəcək” - Ekspert

Putin Donbas regionunun Rusiyaya verilməsi müqabilində sülh müqaviləsinə razı olduğunu bildirib. Krım isə artıq danışıqlar predmetindən çıxarılıb.
Sfera.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Onun fikrincə bu, əslində Rusiyanın Ukraynada uğursuzluğunun nəticəsidir:
“Putin Ukraynaya hücum edəndə məqsədi ölkəni tam işğal etmək idi. Hazırda isə Donbasla kifayətləndiyini göstərir. Bu, Rusiyanın hərbi cəhətdən məğlubiyyətini, Avropa ölkələrinin toparlanmasını və Ukraynaya yardımların güclənməsini sübut edir”.

Ekspertin fikrincə, Donbasın Rusiyaya güzəştə gedilməsi müharibənin yeni mərhələyə keçidi deməkdir:
“Rusiya 11 ildir Donbası tam işğal edə bilmir. İndi isə təhlükəsizlik zəmanəti qarşılığında bu bölgənin güzəştə verilməsi istənilir. Amma bir ölkənin suverenliyi və ərazi bütövlüyü bahasına əldə olunacaq sülh dayanıqlı olmayacaq və beynəlxalq hüquqa zərbə vuracaq. Bu həm də Rusiyanın digər ölkələrə qarşı aqressiv siyasətinə stimul verəcək”.
O vurğulayıb ki, Avropa liderləri və Ukrayna Trampın bu planını qəbul etməyəcəklər:
“Əgər ABŞ və Avropa ölkələri payıza qədər Rusiyaya təzyiqləri davam etdirsələr, Putin daha da çətin vəziyyətlə qarşılaşacaq. Tramp isə Avropanın təhlükəsizliyini risk altına atacaq razılaşmada maraqlıdır. Amma Avropa və Ukrayna bu razılaşmanı qəbul etməyəcəklər”.
M.Əsədullazadə əlavə edib ki, Putin Ukrayna ilə bağlı hədəflərini məhdudlaşdırsa da, yeni istiqamətlərdə təsirini artırmağa çalışacaq:
“Xüsusilə, Cənubi Qafqaz və Mərkəzi Asiya Rusiyanın növbəti hədəfləri ola bilər”.
Bəsti Rəfizadə
Sfera.az






