Vaşinqtonda kritik görüş: Ukraynanın taleyi masaya yatırılır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də Prezident Donald Trampla görüşəcək. Bu görüş Alyaskada nəticəsiz qalan danışıqlardan sonra baş tutan ilk yüksək səviyyəli görüş kimi diqqət çəkir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, bu gün Vaşinqtonda keçiriləcək görüş olduqca vacibdir:
“Bir tərəfdən Zelenski, NATO-nun baş katibi, həmçinin Avropa tərəfdən Böyük Britaniyanın Baş naziri Starmer, Finlandiyanın Prezidenti Aleksandr Stup və Fransanın Prezidenti Emmanuel Makron və Almaniya Kansleri görüşdə iştirak edəcəklər. Görüş kifayət qədər ciddi və əhəmiyyətlidir. Burada əsas müzakirə Alyaska görüşünün nəticələrinin qiymətləndirilməsi və Rusiyanın təkliflərinin müzakirəsi üzərində qurulacaq”.

Ekspert qeyd edib ki, Rusiyanın təklifləri Ukrayna üçün kifayət qədər ağırdır:
"Rusiya tərəfi istəyir ki, Ukrayna Krımı Rusiyanın ərazisi kimi qəbul etsin, Donbasdakı silahlı qüvvələr oradan çıxarılsın və Rusiya nəzarətinə verilsin. Eyni zamanda, Zaporojye və Xersondakı hərbi birləşmələr hərəkətsiz qalsın, əvəzində isə Rusiyanın hərbi qüvvələri Xarkovdan geri çəkilsin.
Politoloq əlavə edib ki, əvvəlki danışıqlarda Rusiyanın verdiyi digər təkliflər də qüvvədə qalır: “Ukrayna NATO-ya üzv olmamalıdır, Avropaya inteqrasiya prosesi məhdudlaşdırılmalıdır və müəyyən kontingent ordu saxlanıla bilər. Amma bunlar Ukrayna Konstitusiyasına və xalqın iradəsinə uyğun deyil, buna görə razılığa gəlmək çətin görünür.
Həmçinin, ABŞ-nin istəyi ballistik raketlərlə bağlı müqavilələrin bərpası və Şimal dəhlizinin Rusiyaya açıq şəkildə birgə istifadəsi məsələlərini də əhatə edir. Bağırzadə vurğulayıb ki, yüksək ehtimalla bu görüşdə Ukrayna üçün müəyyən diplomatik model təklif olunacaq və münaqişə müəyyən müddət üçün dayandırıla bilər, amma Ukrayna ərazilərinin Rusiyaya verilməsi rəsmiləşdirilməyəcək.
Görüşün nəticələri və danışıqların istiqaməti gələcəkdə həm Ukrayna, həm də region üçün mühüm rol oynayacaq".
Bəsti Rəfizadə
Sfera.az






