Ukrayna kapitulyasiyanı qəbul edəcək? - “Zelenski çətin seçim qarşısındadır"

Ukrayna kapitulyasiyanı qəbul edəcək? - "Zelenski çətin seçim qarşısındadır"
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək. Görüş ərəfəsində Zelenski ağır seçim qarşısında qalıb.


Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.


O qeyd edib ki, Tramp Zelenskidən müharibəni dayandırmasını, bunun əvəzində isə Donbası Rusiyaya güzəştə getməsini istəyəcək. Kreml isə bunun müqabilində Ukraynaya hücum etməyəcəyini və Qərbin Kiyevə verəcəyi təhlükəsizlik təminatını tanıyacağını vəd edib.


“Amma bu vədlərin heç bir etibarı yoxdur. Çünki Kreml artıq 1994-cü il sazişini pozaraq kağız parçasına çevirmişdi. Zelenski də səfərdən əvvəl bəyan edib ki, Ukrayna Konstitusiyasına zidd qərar verməyəcək və Donbasdan imtina etməyəcək”, – deyə politoloq vurğulayıb.

 


Ekspert qeyd edib ki, Zelenskinin Trampa “yox” cavabı verməsi Ağ Ev görüşünün nəticəsiz başa çatmasına gətirib çıxara bilər. Bu isə Ukraynanın resurslarını tükəndirən müharibənin davamı və ABŞ-nin Kiyevə hərbi dəstəyi azaltması demək olacaq.


“Əgər Zelenski Trampın təklifini qəbul etsə, bu faktiki kapitulyasiya olar və o, ərazilərdən imtinanı Ukrayna xalqına izah etməli olacaq. Bu, prezident üçün ən ağır vəzifədir”, – politoloq əlavə edib.


Onun sözlərinə görə, Tramp hər halda müharibəni dayandırmaqla seçkiqabağı vədini yerinə yetirmək, reytinqini artırmaq və Nobel sülh mükafatı qazanmaq istəyir:

 

"Yeganə maneə Zelenskinin müqavimətidir. Budəfəki görüş əvvəlkindən daha gərgin keçəcək. Zelenski isə Trampla açıq qarşıdurmadan qaçaraq, məsələni uzatmaq taktikasını seçə bilər".


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR