Alyaska ayağa qalxdı: Putinə qarşı etiraz yürüşü keçirilir - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutacaq görüş öncəsi Alyaskanın Ançoraqe şəhərində yüzlərlə insan küçələrə çıxıb. Yerli sakinlər, 1867-ci ilə qədər Rusiyanın ərazisi olan Alyaskada Putini qəbul etməyə etiraz edərək Trampı xəyanətdə ittiham ediblər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, etriaz iştirakçıları Ukrayna tərəfini dəstəkləyən şüarlar səsləndirib, Ukrayna bayraqları qaldırıb və Rusiyanın müharibə bölgəsindən qaçırdığı təxminən 20 min uşağın geri qaytarılmasını tələb ediblər.
“Razom for Ukraine” təşkilatının nümayəndəsi Ostap Yaryş bildirib: “Ukrayna və Alyaska bir daha heç vaxt Rus olmayacaq”.
Yerli “Native Movement” təşkilatı isə açıqlamasında Putinin Alyaskada qəbul edilməsinin ABŞ tarixinə və ukraynalıların çəkdiyi acılara qarşı xəyanət olduğunu vurğulayıb.
Qeyd edək ki, Tramp, görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçlü bir toplantı keçirməyi planlaşdırır. Ağ Saray isə zirvədən yüksək nəticə gözləmədiklərini açıqlayıb. Kremlin nümayəndələri isə görüşdən sənəd imzalanmasını gözləmədiklərini və daha çox fikir mübadiləsi olacağını bildirib.
Bəsti Rəfizadə
Sfera.az









