Avropada meşələr yanır: Ölkələr beynəlxalq yardım tələb edir

Avropada yeni isti hava dalğasının təsiri ilə meşə yanğınları ciddi həddə çatıb və bir sıra ölkələr beynəlxalq yardım istəyib. Hava şəraitinin yaratdığı riskin yaxın günlərdə də davam edəcəyi bildirilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyada Qaliçya, Kastilya və Leonun şimalı ilə Ekstremadura bölgəsində genişmiqyaslı yanğınlar baş verir.
11 əsas yol bağlanıb. Avropa İttifaqı, 14 avqustda İspaniyanın yardım çağırışından sonra iki “Canadair” təyyarəsi göndərib. Son bir həftədə üç nəfər həlak olub, 20-yə yaxın insan yaralanıb. Zamora, Leon və Ourense şəhərlərində 115 min hektar meşə sahəsi və çox sayda ev yanıb.
Fransaya 8 gündür təsir edən isti hava dalğası ölkənin 70 vilayətində narıncı xəbərdarlığın davam etməsinə səbəb olub. Cənub bölgələrdə temperatur gün ərzində 40 dərəcəyə çatır. Aude vilayətində 5–10 avqust tarixləri arasında 17 min hektar sahə yanıb. Yanğının qəsdən törədilmiş ola biləcəyi istisna edilmir.
İngiltərə və Uelsdə isə 1 yanvar–31 iyul dövründə yanğınların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 663% artıb. Bu, ölkədə fövqəladə vəziyyət xidmətlərinə və yanğın texnikalarına ciddi təzyiq göstərir. Skandinaviya və London yaxınlığında da yanğınlar qeydə alınıb.
Yunanıstanda son günlərdə təxminən 100 min hektar sahə yanıb. Patra yaxınlığında geniş yanğın nəzarət altına alınıb.
Kosovada ölkə üzrə 61 yanğın qeydə alınıb, 52-si nəzarət altındadır, 9-nun söndürülməsi davam edir.
Bolqarıstanın Pirin dağında 21 gündür davam edən yanğınlar hələ də söndürülməyib. Bölgədə 2 helikopter, İsveçdən göndərilən 2 təyyarə və 150 nəfərlik fövqəladə xidmət qrupu fəaliyyət göstərir.
Avropanın bir çox bölgələrində yanğın riski hələ də yüksəkdir. EFFIS və “Copernicus”un məlumatına görə, 2025-ci ilin əvvəllərindən bəri Avropada 1,628 yanğın qeydə alınıb, 439 min hektar meşə sahəsi yanıb. Ötən ilin eyni dövründə isə bu rəqəmlər müvafiq olaraq 1,089 yanğın və 188 min hektar olub.
Yanğın riski ən yüksək olan bölgələr: İberiya yarımadasının şimal-qərbi, Fransa, Balkanlar, Yunanıstan, Rumıniya, Bolqarıstan, Slovenya, Avstriya və Macarıstan, eləcə də İsveç, Norveçin bəzi bölgələri və Finlandiyanın şərqidir.
Bəsti Rəfizadə
Sfera.az


















