Trampla Putin Zelenskini "unudub" - "Rusiya onu qəbul etməyəcək"

Bu gün Alyaskada keçiriləcək Tramp–Putin görüşünə Ukrayna Prezidenti Volodimir Zelenski dəvət edilməyib. Rusiyalı diplomatlar bunu Zelenskinin legitim olmaması ilə əsaslandırmağa çalışıblar.
Bəs Zelenskinin dəvət edilməməsinin əsl səbəbi nədir?
Politoloq Ülviyyə Zülfiqar məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, görüşə dəvət edilməmək həm Ukrayna daxilində, həm də dünya mediasında müxtəlif reaksiyalara səbəb olub:
“Rusiya tərəfi Zelenskinin prezidentlik müddətinin 2024-cü ilin mayında bitdiyini iddia edir və onu legitim hesab etmir. Lakin Ukrayna qanunvericiliyinə görə, hərbi vəziyyət davam etdiyi müddətdə Zelenskinin prezident kimi səlahiyyətlərini icra etməyə hüququ var. Buna görə də onun qeyri-legitim sayılması hüquqi əsas daşımır. Rusiya isə istənilən halda Zelenskini hazırkı danışıqlardan kənarda saxlamağa çalışır. Hətta qeyd ediblər ki, istəsələr, sənədləri Ali Radanın rəhbərliyi ilə də imzalaya bilərlər”.

Politoloq qeyd edib ki, Alyaskadakı görüş daha çox ilkin təmas xarakteri daşıyır:
“Düşünürəm ki, Ukraynanın prosesdən kənarda qalmasının əsas səbəbi Zelenskinin şəxsi mövqeyi deyil, ilkin mərhələdə Tramp və Putin arasında birbaşa dialoqun qurulması məqsədidir. Zelenski dünən Böyük Britaniyada rəsmi şəxslərlə görüşlər keçirib ki, bu da Tramp–Putin görüşünə bir növ qarşılıq siqnalı kimi dəyərləndirilə bilər. Qərb mediası bununla Ukraynanın danışıqlardan kənarda olmadığını göstərmək istəyir”.
Ülviyyə Zülfiqar hesab edir ki, görüşün formatından asılı olmayaraq, hər iki lider, xüsusilə də Donald Tramp sülhə doğru addımlar atmaq niyyətindədir:
“Ola bilər ki, növbəti mərhələlərdə Ukrayna rəhbərliyi danışıqlara birbaşa daxil edilsin. Ancaq Böyük Britaniyada keçirilən Zelenski görüşü də əslində Tramp–Putin görüşü öncəsi mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər”.
Bəsti Rəfizadə
Sfera.az






