Putinlə görüşdən əvvəl Trampdan sürpriz vəd: "Yardım davam edəcək"

Putinlə görüşdən əvvəl Trampdan sürpriz vəd: "Yardım davam edəcək"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp qapalı danışıqlarda həm ukraynalı həmkarı Volodimir Zelenskiyə, həm də G7 liderlərinə Rusiya lideri Vladimir Putinlə görüşün nəticəsindən asılı olmayaraq Ukraynaya hərbi yardımı davam etdirəcəyinə zəmanət verib. 


Putinlə görüş öncəsi bu vəd nə məna verir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, Alyaskada gözlənilən Putin–Tramp görüşünə qədər ABŞ və Avropa liderlərinin mövqeyi artıq bəllidir:


“Avropanın bir neçə lideri Zelenskinin iştirakı ilə Trampın apardığı danışıqlarda bir neçə şərt irəli sürüb və görünür, Tramp bu şərtləri qəbul edib. Bunlara Putinlə görüşdən sonra dərhal Zelenskiyə nəticələr barədə məlumat vermək, növbəti görüş olarsa, onu üçtərəfli formatda – Zelenskinin də iştirakı ilə keçirmək və Ukraynanın təhlükəsizliyinə zəmanət vermək daxildir. Tramp da bunun qarşılığında Ukraynaya hərbi yardımın davam edəcəyini bildirib”.

 

 

Ekspertin sözlərinə görə, Trampın bu bəyanatı iki mənada izah oluna bilər:

 

“Ya o, Putinlə danışıqlardan ciddi nəticə çıxacağına inanmır, ya da bu, görüş ərəfəsində Putinə əlavə təzyiq vasitəsidir. Amma istənilən halda, Rusiya işğal olunmuş ərazilərdən geri çəkilmək niyyətində deyil, əksinə, onların anneksiyasına hüquqi don geyindirməyə çalışır. Belə şəraitdə ABŞ ilə Rusiya arasında Ukrayna məsələsində razılıq əldə etmək mümkün deyil”.


Siyasi şərhçi əlavə edib ki, Tramp hakimiyyətə gəldiyi 6 ay ərzində Avropa ölkələri ABŞ-siz də Ukraynaya yardım mexanizmlərini davam etdiriblər:


“Tramp NATO ölkələrinə satılan silahların Ukraynaya ötürülməsi üçün ayrıca mexanizm yaradıb. Yəni ABŞ əvvəlcə silahı NATO ölkələrinə satır, həmin silahlar isə Ukraynaya verilir. Bu baxımdan Trampın bəyanatında ABŞ-nin Ukraynaya yardım edib-etməyəcəyi ilə bağlı yeni bir məqam yoxdur. Bu, ya Putinə təzyiqdir, ya da Trampın onunla razılığa gəlməyin mümkünsüz olduğunu göstərmək cəhdidir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR