120 min dollara idman zalına üzvlük aldı: Klub sahibi və işçiləri yoxa <
Çinin şərqindən olan bir adam idman zalına 300 illik üzvlük üçün 870.000 yuandan (120.000 ABŞ dolları) çox pul ödəyib. Bundan sonra rəhbərlik pulu götürüb qaçıb. İndi kişi idman zalını məhkəməyə verib.
Sfera.az xəbər verir ki, Jin kimi tanınan bir şəxs Zhejiang əyalətində idman zalı rəhbərliyinin yoxa çıxdığını və pulunu qaytarmaq istəmədiyini anlayanda yerli telekanallardan birinə müraciət edib.
Jin mediaya üzvlük almaq və məşq üçün idman zalı ilə bağladığı 26 müqaviləni göstərib.
Onun sözlərinə görə, mayın 9-da idman zalının meneceri ona daimi müştərilər üçün aksiya haqqında məlumat verib.
Elanda bildirilir ki, yeni müştərilərə 16666 yuana (2300 dollar) satılan illik üzvlük haqqı aksiya ilə 8888 yuana (1200 dollar) təklif edilir. Üzvlük alıb, onu yeni müştərilərə satmaq olar. Jin əvvəlcə şübhə ilə yanaşsa da, menecer onu qazanc əldə edəcəyinə əmin edib:
“Dedi ki, iki ay ərzində satılmasa, pulumu qaytaracaqlar”.
Yüksək qazanc əldə edəcəyinə aldanan Jin üzvlüklərdən ikisini 17 000 yuandan (2 400 dollar) çox qiymətə alıb. Sonrakı həftələrdə satıcılar onu daha çox üzvlük almağa və fərdi dərslər almağa inandırıblar. Jin bir anda 300.000 yuandan (42.000 dollar) çox pul xərcləyib.
Üç ildir idman zalında məşq edən Jin, "Mayın 10-dan iyulun 9-dək ümumi etibarlılıq müddəti 300 il olan, ümumilikdə 871.273 yuana yaxın 1200 dərs və üzvlük aldım"-deyə bildirib.
İyulun 15-də idman zalınıb rəhbəri pulun bir hissəsini Jinə qaytarmalı olsa da o, pulu ala bilməyib. Satıcı ilə əlaqə saxladıqda ona bildiriblər ki, idman zalının maliyyə şöbəsi hələ də sövdələşməni nəzərdən keçirir. Lakin iyulun sonunda Jin idman zalının rəhbərliyi və satış heyətinin yoxa çıxdığını aşkar edib.
KİV-in məlumatına görə, Binjiang rayonundakı idman zalı hələ də müştərilər üçün açıqdır, baxmayaraq ki, orada yalnız qeydiyyat şöbəsi işləyir.
Jin, idman zalı ilə bağladığı bütün müqavilələrdə satıcının vəd etdiyi pulun geri qaytarılmasından bəhs etmədiyini sonradan öyrəndiyini bildirib.
"Etiraf edirəm ki, onlar mənim beynimi yudular".
Jin idman etməyi sevdiyini, üzvlük və dərslərin alınmasını "sağlamlığa sərmayə" hesab etdiyini vurğulayıb:
"Düzünü desəm, 300 il istifadə etməyi gözləmirəm. Bu, mənim üçün bir növ sağlamlıq öhdəliyidir"
Onun hekayəsi Çində sosial mediada milyonlarla insanı güldürüb.
“O, nəvələrinin nəvələri üçün üzvlük alıb, haha”, “İnsanın sərvəti ilə İQ uyğun gəlmədikdə, artıq sərvət bu və ya digər formada cəmiyyətə qayıdır” -deyə sosial media istifadəçiləri onu ələ salıblar.
Aysel






