"Pakistan çınqıl yüklü yük maşınıdır" - Müdafiə nazirindən təhdid

Pakistan ordusunun Baş qərargah rəisi Asım Münir ABŞ-nin Florida ştatında keçirilən gizli görüşdə Hindistanı nüvə silahları ilə hədələyərək dünyanı şoka salıb. Münir “Əgər yox olacağımızı düşünürüksə, dünyanın yarısını da bizimlə birlikdə məhv edərik” sözləri ilə ciddi təhdidlər səsləndirib.
Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ-də keçirilən tədbirdə Münir Pakistanın Hindistanın su infrastrukturuna zərbə endirməyə hazır olduğunu bildirib.
O deyib ki, Hindistanın tikdiyi baraj tamamlandıqdan sonra 10 raket ataraq yerlə yeksan edəcəklər. Münir İndus çayının Hindistanın şəxsi mülkü olmadığını vurğulayaraq “Allahımıza şükür raketlərimiz çoxdur” ifadəsini əlavə edib.
1960-cı ildə Hindistan və Pakistan arasında imzalanan “İndus Suları Müqaviləsi” ilə çayın istifadəsi tənzimlənirdi. Lakin bu ilin aprelinə qədər yaşanan gərginlikdən sonra Hindistan müqaviləni dayandırıb ki, bu da Pakistan tərəfindən ciddi narahatlıqla qarşılanıb.
Münir iki ölkə arasında mümkün müharibəni isə maraqlı bir bənzətmə ilə təsvir edib:
“Hindistan cilalanmış “Mercedes”dirsə, biz çınqıl yüklü yük maşınıyıq. Yük maşını avtomobillə toqquşsa, kim uduzar?”.
Rəsmi dairələr Münirin dünyanın yarısını məhv etmək barədə ifadələrini təkzib etsə də, qarşıdurmanın təhlükəli həddə çatdığını bildiriblər.
Hindistan Xarici İşlər Nazirliyi isə Münirin bu ifadələrini sərt şəkildə qınayaraq nüvə silahları ilə təhdidin Pakistanın “alışqanlığı” olduğunu vurğulayıb. Nazirlik beynəlxalq ictimaiyyəti məsuliyyətsiz bəyanatlar barədə tədbir görməyə çağırıb.
Qeyd edək ki, Hindistanın 22 aprel tarixində Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 nəfərin öldüyü terror hücumuna cavab olaraq, 6 mayda Pakistanın ərazilərinə raket zərbələri endirilməsi ilə iki ölkə arasında qarşıdurma başlayıb. 10 mayda ABŞ-nin vasitəçiliyi ilə atəşkəs əldə olunub.
Bəsti Rəfizadə
Sfera.az






