15 avqustda qərar veriləcək - Putin...

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin, şübhəsiz, nə atəşkəsə, nə də ümumilikdə müharibəyə son qoymağa hazırlaşır. Onun sözlərinə görə, Rusiya yeni hücum əməliyyatlarına başlamaq üçün qoşun və texnikasını hərəkətə gətirir.
Zelenskinin bu açıqlaması hansı mesajı verir? Rusiya yeni hücum əməliyyatları ilə müharibənin miqyasını genişləndirə bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Zaur Məmmədov Rusiya ilə Ukrayna arasında münaqişənin davam etdiyini deyib:

“Lakin proqnozlardan fərqli olaraq yay aylarında Rusiyanın əhəmiyyətli irəliləyişi qeydə alınmayıb. Bu isə göstərir ki, danışıqlar əsasən 4 vilayət uğrunda cərəyan edəcək. Təxmin etmək olar ki, avqustun 15-də Tramp və Putin arasında keçiriləcək görüşdə ABŞ və Rusiya arasında Avrasiyanın müəyyən regionları ilə bağlı ilkin razılaşmalar və fikir mübadiləsi baş verəcək. Bu görüş, Stiven Uitkoffun danışıq prosesi barədə düşüncələrini daha da təsdiq edə bilər”.
Politoloq nəticədə, Ukraynanın şərq vilayətləri ilə bağlı Tramp və Putinin mövqelərinin yaxınlaşması üçün qərar verilə biləcəyini vurğulayıb.
“Ola bilsin, iki regionla bağlı fərqli qərarlar qəbul olunsun. Digər iki regionla bağlı isə Rusiya və Ukrayna arasında mövqelərin üst-üstə düşmədiyinin şahidi oluruq”.
Fidan Hacızadə
Sfera.az






