Rusiya ABŞ-ni yenə aldadacaq? - AÇIQLAMA

Rusiya ilə ABŞ arasında Alyaska ştatında aparılacaq danışıqlar dünya siyasətində mühüm hadisə kimi qiymətləndirilir. Bəzi Avropa rəsmilərinin şərhlərinə görə, Alyaskadakə görüşə Putinin razılıq verməsi növbəti fəndlərdən biridir. Rusiya bununla vaxt qazanmaq istəyir və Donald Trampı aldatmağa çalışır.
Bu cür düşünənlər hesab edir ki, Tramp Alyaska görüşündə də Putinlə bağlı ümidlərinin puş olduğunu görəcək.
Xatırladaq ki, Tramp da əvvəlki açıqlamalarında Putinin onu aldatdığını bildirib.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Fərhad Məmmədov bildirib ki, Rusiya prezidenti bu görüşü uzun müddətdir arzulayır və bunu özünü dünya liderlərindən biri kimi təsdiqləmək üçün fürsət kimi görür.
Onun sözlərinə görə, Vladimir Putin qlobal proseslərə “Böyük Rusiya” konsepsiyası çərçivəsində yanaşır və Alyaskadakı mövzu Moskva üçün strateji əhəmiyyət daşıyır.

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp üçün də bu görüş xüsusi önəm kəsb edir:
“Tramp ilk növbədə, Ukrayna müharibəsi fonunda mövqeyini möhkəmləndirmək, Avropa istiqamətində siyasətini gücləndirmək və Rusiya ilə vasitəçisiz danışıqlar apararaq öz məqsədlərinə nail olmaq istəyir. O, artıq Avropanı müəyyən öhdəliklər götürməyə razı salıb – maliyyə və hərbi sahələrdə. Ukrayna ilə xüsusi saziş imzalanıb. İndi isə növbəti məqsədi Rusiya ilə münasibətləri yeni formata salmaqdır”.
Mütəxəssis vurğulayıb ki, Tramp zəifləmiş Rusiya ilə daha rahat münasibət qurmaq və üstün mövqedə çıxış etmək niyyətindədir:
“Burada rəqabət tamamilə yox olmayacaq, amma müəyyən məsələlərdə Moskvanın razılığını almaq Tramp üçün prioritetdir”.
Bəsti Rəfizadə
Sfera.az






