Suriya hökuməti YPG/SDQ terror təşkilatının dünən Hasəkə vilayətində keçirdiyi konfransa görə Fransanın paytaxtı Parisdə SDQ ilə planlaşdırılan toplantıya qatılmama qərarı verdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
Məlumatda deyilir ki, rəsmi Dəməşq konfransı milli birliyə zidd və 10 mart sazişinin pozulması kimi qiymətləndirilib.
Suriya rəsmisi SANA-ya açıqlamasında ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan hərtərəfli milli layihə çərçivəsində vətəndaşların dinc toplaşmaq və dialoq hüququna təminat verildiyini vurğulayıb. Bildirilib ki, etnik və ya dini qrupların fəaliyyətləri dinc xarakter daşıması, dövlətə silah tuşlamaması, Suriya dövlətinə öz yanaşmalarını tətbiq etməməsi şərti ilə öz siyasi fikirlərini ifadə etmək və təşkilatlanma hüququ var.
Dövlət quruluşunun qruplaşma razılaşmaları ilə deyil, referendumla qəbul edilən daimi Konstitusiya ilə müəyyən ediləcəyi bildirilərkən, ölkənin şimal-şərqində baş verən hadisələrin milli çərçivəni ifadə etmədiyi, əksinə kənardan dəstək alan qruplaşmaları təmsil etdiyi irəli sürülüb. Bu qrupların “vahid ordu, vahid hökumət, vahid ölkə” prinsipinə zidd təşəbbüslərlə məşğul olduqları iddia edilib.