Sabah Moskvada Rusiya və BƏƏ prezidentləri görüşəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də Moskvada Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Liderlər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın mövcud vəziyyətini, gələcək inkişaf perspektivlərini, eləcə də beynəlxalq gündəlikdəki aktual məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
Bundan bir gün əvvəl, avqustun 6-da Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb.
Qeyd edək ki, Uitkoff Rusiya lideri ilə danışıqlar aparmaq üçün Moskvaya gəlib.
Uitkoffun səfəri Vaşinqtonun Ukraynada atəşkəslə bağlı ultimatumunun müddətinin bitməsinə iki gün qalmış baş tutub. ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, sülh prosesində irəliləyiş əldə olunmasa, yeni sanksiyalar tətbiq ediləcək. Bu sanksiyalar təkcə Rusiyaya deyil, həm də beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiyanın enerji resurslarını almağa davam edən ölkələrə şamil olunacaq.
Fidan Hacızadə
Sfera.az