Dünya sahillərində güclü zəlzələ: Ölkələrə sunami xəbərdarlığı

Cənubi Amerikanın bir sıra ölkələrinin hakimiyyət orqanları Kamçatka sahillərində baş verən güclü zəlzələdən sonra Sakit okean sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təkanlar 7,5 bal gücündə qeydə alınıb.
Yaponiyanın seysmoloqları isə zəlzələnin gücünü 8,8 bal olaraq qiymətləndirib.
Ekvadorun Milli Sunami Xəbərdarlıq Mərkəzi sunaminin Qalapaqos adalarına, daha sonra isə materikə çata biləcəyi barədə xəbərdarlıq edib. Ekvador hökumətinin Milli Risklərin İdarə Edilməsi Katibliyi bildirib ki, əgər kontinental sahillərə əhəmiyyətli təsirin olacağı təsdiqlənərsə, erkən xəbərdarlıq sistemi işə düşəcək və sahil boyu quraşdırılmış sirenlər səslənəcək. Məlumata görə, sunami Ekvador sahillərinə yerli vaxtla saat 11:00-dan (Bakı vaxtı ilə 20:00) tez çatmayacaq.
Peru Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya və Naviqasiya Müdirliyi də təhlükə ilə bağlı açıqlama yayaraq, sunaminin Peru sahillərinə çata biləcəyini bildirib və əhalini davamlı sayıqlığa çağırıb.
Çili prezidenti Qabriel Boric isə ehtiyat tədbiri olaraq, böyük dalğanın mümkün gəlişinə üç saat qalmış sahilyanı ərazilərin boşaldılması barədə göstəriş verib. Ölkənin demək olar ki, bütün sahillərində sunami təhlükəsi elan olunub.
Fidan Hacızadə
Sfera.az