Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.
Sfera.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Müdafiə Nazirliyi qadınların avqustun 1-dən etibarən özünü müdafiə bölmələrində xidmət etməsinə icazə verib. Yeni qərarla qadınlar bioloji və kimyəvi maddələrlə çirklənmiş ərazilərin zərərsizləşdirməsi üçün müdafiə bölmələrində xidmət edə biləcəklər.
Qeyd edək ki, Yaponiya 2011-ci ildə “Fukusima-1” AES-də baş vermiş qəza zamanı kadr çatışmazlığı səbəbindən zərərsizləşdirmə işlərinin aparılmasında çətinliklərlə üzləşib. Hökumət qadınların bu işə cəlb olunması ilə problemin aradan qalxacağını güman edir.
Məlumat üçün bildirək ki, əvvəllər Yaponiyada qadın hərbi qulluqçular fiziki cəhətdən güc tələb olunan vəzifələrdən kənarlaşdırılırdı. 1993-cü ildən başlayaraq Müdafiə Nazirliyi orduda gender bərabərliyini təmin etməyə başlayıb. Ölkədə 2015-ci ildən qadınlara döyüş və kəşfiyyat təyyarələrini idarə etməyə icazə verilib. 2018-ci ildən isə qadınlara Dəniz Özünümüdafiə Qüvvələrində sualtı qayıq ekipajlarına qoşulmaq imkanı yaradılıb.