"Üçüncü dünya müharibəsi ehtimalı artır" - Orban

“Üçüncü dünya müharibəsi təhlükəsi getdikcə artır”.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban səsləndirib.
Orban qeyd edib ki, bəlkə də hazırda dünyanın qarşısında duran ən vacib sual budur: üçüncü dünya müharibəsi baş verəcəkmi? Onun fikrincə, bu təhlükənin reallaşma ehtimalı durmadan artır.
Baş nazir hazırkı geosiyasi vəziyyətin bu riskləri daha da artırdığını vurğulayıb. O, dünya ictimaiyyəti arasında keçirilən sorğulara diqqət çəkərək bildirib ki, bir sıra aparıcı ölkələrin əhalisi bu təhlükəni real hesab edir: "Sorğu nəticələrinə görə, fransızların 55%-i, ispanların 50%-i, italyanların 46%-i, amerikalıların 45%-i, almanların və ingilislərin hər birinin 41%-i qarşıdakı 5-10 il ərzində üçüncü dünya müharibəsinin baş verəcəyinə inanır. Qısası, bütün dünya müharibənin soyuq küləyini hiss edir".
O həmçinin xatırladıb ki, böyük müharibələr heç vaxt qəfil və səbəbsiz başlamır. Onun fikrincə, belə təhlükələr öncədən bir sıra əlamətlərlə özünü göstərir.
Baş nazir əlavə edib ki, 1990-cı ildən 2025-ci ilə qədər dünyanın ən böyük 100 silah şirkətinin dövriyyəsi bir yarım dəfə artıb. Bu da qlobal təhlükəsizlik mühitinin daha da gərginləşdiyini sübut edir.
Sonda Viktor Orban beynəlxalq ictimaiyyəti bu təhlükənin qarşısını almaq üçün təcili və birgə addımlar atmağa çağırıb.
Fidan Hacızadə
Sfera.az