Rusiya vədinə xilaf çıxdı - İstanbul görüşündən sonra...

Rusiya ordusu İstanbulda keçirilən sülh danışıqlarından cəmi bir neçə saat sonra Ukraynanın şərqinə hava hücumları həyata keçirib. Hücumlar nəticəsində 2 nəfər həyatını itirib, biri körpə olmaqla 33 nəfər yaralanıb.
Sfera.az “TRTHaber”ə istinadən xəbər verir ki, Xarkov vilayətində yerləşən yaşayış məntəqəsi idarə olunan iki bomba ilə hədəfə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaralılar arasında 1 aylıq körpə və 10 yaşlı uşaq da var.
Ukrayna Prezidenti Volodimir Zelenski baş verənləri “mənasız və hərbi məqsədi olmayan” hücumlar adlandırıb.
Donetsk vilayət prokurorluğu isə iki nəfərin ölümü və on iki nəfərin yaralanması ilə nəticələnən hücumun Kostantinovka şəhərində baş verdiyini açıqlayıb.
Xarkovun şimal məhəllələrindən birində partlayışdan sonra güclü tüstü qalxdığı, yerli ticarət obyektləri və yaşayış binalarının ziyan gördüyü, bir neçə avtomobilin alovlandığı bildirilib. Sakinlər uşaqlarını qucaqlarına alaraq ərazidən tələsik uzaqlaşıb.
Rusiya rəsmiləri mülki obyektlərin qəsdən vurulduğunu inkar etsə də, hücum bölgəsindən yayılan görüntülər əksini göstərir. Ukrayna ordusu bombaların təxminən 100 kilometr uzaqlıqdan atıldığını açıqlayıb.
Ekspertlər Rusiyanın mülki əhalini qorxutmaq məqsədilə bu cür hücumları intensivləşdirdiyini bildirirlər. Rusiya tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Bəsti Rəfizadə
Sfera.az