İran yolundan dönmür: Uranın zənginləşdirilməsi davam etdiriləcək

İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq uranı zənginləşdirməyə davam edəcək.
Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
"Biz nüvə silahına malik olmaq ideyasını tamamilə rədd edirik. Bu, bizim siyasi, dini, humanitar və strateji baxışımızdır. İran gələcəkdə beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində uranın zənginləşdirilməsini davam etdirəcək. Nüvə proqramımızın aradan qaldırıldığı iddiaları isə illüziyadır, çünki imkanlarımız obyektlərdə deyil, alimlərimizin şüurundadır ", - deyə prezident bildirib.
Bu kontekstdə o, İranın nüvə proqramı ilə bağlı istənilən danışıqlarda bütün tərəflərin maraqlarının nəzərə alınmasının vacibliyini və İrana qarşı hər hansı təhdidlərin qəbuledilməz olduğunu vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin əvvəlindən İran və ABŞ arasında beş raund danışıqlar aparılıb, lakin İsrailin Tehrana qarşı hərbi əməliyyata başlaması, ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri endirməsi səbəbindən heç bir nəticə əldə olunmayıb. Tehranla da danışıqlar aparan Avropa üçlüyü yeni nüvə sazişində vasitəçilik edə bilməyib.
İyunun 25-də Tramp və ABŞ müdafiə naziri Pit Heqset yeni kəşfiyyat məlumatlarına istinad edərək, İranın 21-dən 22-nə keçən gecə vurulan Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin məhv edildiyini iddia ediblər. Ağ Ev əlavə olaraq əmin edib ki, Vaşinqtonun məlumatlarına görə, İran zərbələrdən əvvəl bu obyektlərdən nüvə materiallarını çıxara bilməyib.
Firuzə Əliyeva
Sfera.az