ABŞ UNESCO-dan çıxır

ABŞ Prezidenti Donald Tramp ölkəsinin UNESCO-dan çıxması barədə qərar qəbul edib.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlama yayıb.
Onun sözlərinə görə, Ağ Ev rəhbərinin bu qərarı qeyd olunan təşkilatın Amerika maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləməsi ilə əlaqədardır.
“Prezident Tramp ABŞ-nin UNESCO-dan çıxması haqda qərar qəbul edib. Bu təşkilat proqressiv və mübahisəli mədəni və sosial təşəbbüsləri dəstəkləyir ki, bunlar noyabr ayında amerikalıların səs verdiyi “sağlam siyasətə” tamamilə ziddir”, – deyə Kelli “New York Post” qəzetinə verdiyi açıqlamada bildirib.
“Associated Press” agentliyi isə qərarın arxasında UNESCO-nun “İsrail əleyhinə qərəzli yanaşması”nın durduğunu yazıb. ABŞ-nin təşkilatdan çıxması 2026-cı ilin dekabr ayında rəsmiləşəcək.
Bununla da ABŞ tarixdə üçüncü dəfə UNESCO-dan çıxmış olacaq. Ölkə ilk dəfə 1984-cü ildə Prezident Ronald Reyqan dövründə, daha sonra isə 2017-ci ildə Prezident Donald Trampın rəhbərliyi altında təşkilatdan ayrılmışdı.
Hər iki halda əsas səbəb kimi UNESCO-nun siyasi qərəzlilik və islahat ehtiyacı göstərilmişdi.
2023-cü ildə Prezident Co Baydenin rəhbərliyi ilə ABŞ yenidən təşkilata üzv olmuşdu.
Mərkəzi Fransanın paytaxtı Parisdə yerləşən UNESCO, İkinci Dünya Müharibəsindən sonra qurulub və qlobal təhsil, elm və mədəniyyət sahələrində fəaliyyət göstərir.
Bəsti Rəfizadə
Sfera.az